16397a8e-e4e5-483f-a7b6-63683ea18503..jpg

“Doldur piyaləmi Arazdan mənim”: Sənət yoldaşları Rübabə Muradova haqqında bilinməyənlərdən danışdılar – FOTO

Baxış sayı: 703 dəfə baxılıb.

“Doldur piyaləmi Arazdan mənim”: Sənət yoldaşları Rübabə Muradova haqqında
bilinməyənlərdən danışdılar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəstəkarlar hamısı istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun.
O isə hər mahnını bəyənməzdi, səsinə düşəni, ürəyinə yatanı seçib oxuyardı.
İndi o mahnıların hamısı Qızıl Fondda və Dövlət Səs Yazıları Arxivində
saxlanılır…

Martın 22-də doğum günüdür görkəmli xanəndə Rübabə Muradovanın. İndi onunla
həmyaşıd olan, səhnəni bölüşən, konsertlərini müşayiət edən sənət yoldaşları,
səhnədə ifasını canlı izləyən tamaşaçılar çox deyil.

“Amma xanəndənin qeyri-adi, qəlblərə işləyən səsi Azərbaycan musiqisi
yaşadıqca təkcə lent yazılarının deyil, xalqın yaddaşında yaşayır”, – deyə
sənət yoldaşları onu xatırlayırlar.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Onlar sənətdə sözlərini deyib getdilər”

Görkəmli tarzən, Xalq artisti Vamiq Məmmədəliyev 1961-ci ildə Rübabə
Muradovanın Opera və Balet Teatrında oynadığı “Leyli və Məcnun” operasının
tamaşaçısı olub:

“Mən “Leyli və Məcnun” operasını zaldan böyük məhəbbətlə izlədim. Rübabə
Muradova səhnədə Qulu Əsgərovla oynayırdı. O zaman Əbülfət Əliyevlə Sara
Qədimova da bu operanı oynayan tərəf-müqabil kimi məşhur idilər. Həmin
tamaşalar zamanı Opera Teatrı ağzına qədər dolu olurdu. Onlar bir neçə il bu
tamaşanı eyni anşlaqla oynadılar. O zaman üç-dörd məşhur qadın xanəndə vardı.
Onlar o dövrün ən yaxşı oxuyanları idilər. İndi o səslərdən yoxdur və bir daha
olmayacaq. Onlar sənətdə sözlərini deyib getdilər…”

“Doldur piyaləmi Arazdan mənim”

Xalq artisti, mahir tar ifaçısı Ağasəlim Abdullayev xatırlayır:

“Rübabə xanımla 1969-cu ildə Baba Salahovun rəhbərlik etdiyi televiziya və
radionun Xalq Çalğı Alətləri Ansamblında tanış olmuşam. O zaman məni həmin
ansambla konsertmeyster kimi dəvət etmişdilər. Bizim məşqlərimizə çox müğənni
gəlirdi. Onlardan biri də Baba Salahovun ən sevimli xanəndəsi Rübabə Muradova
idi. Baba Salahov dünyasını dəyişəndən sonra da Rübabə Muradova ansamblı tərk
etmədi. Baba müəllimin ölümündən sonra – 1981-ci ildə ansamblın bədii
rəhbərliyi mənə həvalə edildi. Hazırda həmin ansambl Baba Salahovun adını
daşıyır. Əvvəllər “Araz” ansamblı da adlanırdı. Baba müəllimdən sonra mən
Rübabə xanımın bizim ansambla nə qədər sədaqətli olduğunun şahidi oldum. O, çox
sədaqətli qadın idi. Mənim rəhbərliyim altında olanda da ansamblla çalışdı.
Baba müəllimdən yeddi-səkkiz ay sonra Rübabə xanım da dünyasını dəyişdi”.

A.Abdullayev xanəndə ilə “Humayun” dəstgahını yazdığını xatırlayır:

“Hazırda həmin dəstgah Qızıl Fondda qorunur. Sonra da biz Rübabə xanımla bir
çox mahnılar yazdıq. Bəstəkarlar hamısı istəyirdilər ki, onların mahnısını
Rübabə Muradova oxusun. O isə hər mahnını bəyənməzdi, alardı, səsinə düşəni,
ürəyinə yatanı oxuyardı. İndi o mahnıların hamısı Qızıl Fondda və Dövlət Səs
yazıları Arxivində saxlanılır”.

Tarzən Rübabə xanımla el şənliklərinə getdiyini də xatırlayır:

“Münasibətimiz o qədər yaxşı idi ki, el şənliklərinə də birlikdə gedirdik. Bir
dəfə Lənkərana toya getdik. Rübabə xanımın toyda oxumağa ehtiyacı yox idi, amma
camaatın içərisində görünmək istəyirdi. İnanın, toyda stadionda olan qədər
insan vardı. İnsanlar elə bil nümayişə gəlmişdilər. O zaman hər oxuyanı toylara
aparmırdılar. Rübabə xanımın evində də çox məşq etmişik. Onunla radio üçün
“Mirzə Hüseyn” segahını yazdıq. Rübabə xanımla qastrollara, konsertlərə
getmişik. Həbsxanalarda konsertlər verirdik. O heç vaxt belə tədbirlərdən
imtina etməzdi. “Dustaqlar üçün oxumaq savabdır” deyirdi”.

Tarzən Rübabə xanımın içindəki Ərdəbil nisgilini də yaxşı xatırlayır:

“Rübabə xanım əslən cənubi azərbaycanlı idi. Onun içində nisgil vardı. Muğam
üstündə “Doldur piyaləmi Arazdan mənim”, – deyə oxuyur və gözləri dolurdu”.

A.Abdullayev xanəndənin milli Opera Teatrı tarixində zəngin irs qoyduğunu qeyd
edib:

“Rübabə xanım “Leyli və Məcnun”u Qulu Əsgərovla, daha sonra Arif Babayevlə
oynayıb. Onun bu operada tərəf-müqabilləri çox olub. Çünki o səhnəmizin
əvəzolunmaz Leylisi idi”.

Tarzən Rübabə xanımın son günlərini də xatırlayır: “Rübabə xanım xəstələnəndə
ona baş çəkməyə getdim. Beş saylı xəstəxanada yatırdı. Onu görəndə elə bil
dilim tutuldu. Çox arıqlamışdı. Bir müddət sonra da dünyasını dəyişdi…”

O, “Humayun”u elə oxuyub ki…

”Heç bilməzdim, nə vaxtsa Rübabə xanım haqqında xatirə danışacağam”, – deyə
Əməkdar artist Mirnazim Əsədullayev xatırlayır:

“Mən kamança ifaçısı Baba Salahovun ansamblına gələndə 1969-cu il idi. O vaxt
Rübabə xanım da ansamblla məşq etməyə gəlirdi. Tanışlığımız ansamblda yarandı.
Onunla ilk konsertim 1970-ci ilin may ayında oldu. Rübabə xanımla ən böyük
işimiz “Humayun” dəstgahını yazmaq oldu. Əlibaba Məmmədov dedi ki, “Humayun”u
indiyə qədər belə oxuyan olmayıb. O lent yazıları yadigar qaldı…. Rübabə
xanım əlçatmaz sənətkar idi. Leylini onun kimi oynayan yox idi. Bir az kövrək
insan idi. Əslən Ərdəbildən idi, elə bu həsrətlə də dünyadan köçdü. Sovet dövrü
olduğu üçün getməyə qoymurdular. Onun səsində bu nisgil, bu yanğı həmişə hiss
olunurdu. O vaxt “Qubanov” küçəsində (indiki Zivər bəy Əhmədbəyov)
“Demokratların klubu” vardı, orada məşqlər edirdik. Məmməd Salmanov da əslən
cənubi azərbaycanlı olduğu üçün ora gəlirdi. Biz hər il orada iranlıların
gününü qeyd edirdik. Bəstəkar Bəxtiyar Kərimov da məşqlərə gəlirdi. Bir gün
“Rübabə xanım üçün Şəhriyarın sözlərinə “Heydərbabaya salam” mahnısını
yazmışam” dedi. Bu mahnını məşq etdik, gözəl də alındı. Rübabə xanım bütün
konsertlərdə bu mahnını elə oxuyurdu ki, bütün zaldakılar ağlayırdı. Biz onunla
qastrol səfərlərinə gedirdik. O vaxt rayonlarda “Məhsul bayramı” keçirilirdi.
Camaat onu o qədər çox istəyirdi ki…”

İfaçı Rübabə xanımın xəstə olduğu günlərini kədərlə xatırlayır:

“Mən bir musiqiçi kimi yox, bir oğul kimi ona qulluq elədim. Bütün
konsertlərdə onun yanında idim. Xəstələnəndə ona baş çəkməyə getdik. “Qoy ayağa
durum, o qədər səs yazıları edəcəm ki, qoy xalımız üçün qalsın”, – dedi. Amma
daha yataqdan qalxa bilmədi…”

Source link