Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR
2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr
2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr
ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının
indeksi 6,72 faiz artıb.
Bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon
yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə
frankına nisbətdə müəyyənləşir. Valyuta səbətində avro 57,6 faiz, yapon yeni
13,6 faiz, ingilis funt sterlinqi 11,9 faiz, Kanada dolları 9,1 faiz, İsveç
kronu 4,2 faiz, İsveçrə frankı isə 3,6 faiz paya sahibdir.
İllik müqayisədə indeksə əsasən ABŞ dollarının digər 6 valyuta qarşısında
dəyər qazandığını görürük. 24 noyabr tarixində indeks 96,88-i təşkil edərək il
ərzində ən yüksək həddə çatıb. Halbuki analitiklər pandemiya səbəbindən
dolların 2021-ci ildə ucuzlaşacağını gözləyirdilər.
Dollar indeksi niyə artır?
Qlobal inflyasiyanın artması fonunda bir sıra böyük mərkəzi banklar faiz
dərəcələri ilə bağlı sabit mövqe nümayiş etdirirlər, bu da digər əsas
valyutaların dəyərinin aşağı enməsinə səbəb olur.
İqtisadiyyatın bərpası isə artmaqda davam edən inflyasiya ilə bağlı
narahatlıqların olması ABŞ dollarını investorlar üçün təhlükəsiz və etibarlı
bir vasitə edir. Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcəsini artıra
bilmə ehtimalı da dolları cəlbedici qılır. Dolayısıyla mövcud proseslər ABŞ
dollarının indeksinin artmasına təsir edir.
Hazırda dollarla əlaqəli aktivlər, istiqraz və digər qiymətli kağızların da
dəyəri artır. Bu, ABŞ-a mal ixrac edən şirkətlərin gəlirlərinə müsbət,
Birləşmiş Ştatlardan mal və ya xidmət idxal edən korporasiyalar üçün isə
neqativ bir hal hesab edilir.
İnflyasiya və dolların digər valyutalar qarşısında dəyər qazanmasının manatın
məzənnəsinə təsiri gözlənilir?
Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas
istiqamətləri barədə bəyanatında bildirilir ki, cari ildə proqnozlaşdırılan
neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə
profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft
Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında
tarazlığı təmin edəcək və qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə
dayanıqlığını dəstəkləyəcək.
Yəni, 2022-ci ildə neft qiymətləri ilə bağlı müsbət proqnozları, eyni zamanda
məhsula tələbin artacağını nəzərə alsaq, ölkəyə daxil olan xarici valyutaların
həcmi baxımından məzənnədə sabitliyin olacağı proqnozlaşdırılır. Manatın
məzənnəsi ilə bağlı digər müsbət göstəricilərdən biri də ölkənin strateji
valyuta ehtiyatlarının 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53
milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7
milyard ABŞ dollarını üstələməsidir.
Bəyanatda digər diqqətçəkən məqam isə inflyasiya ilə əlaqədar pul siyasətinin
daha sərt rejimə keçirilməsi zərurətinin yarana bilmə ehtimalı ilə bağlıdır.
Görünən odur ki, Mərkəzi Bank cari ildə inflyasiyanı cilovlamaq və manatın
dəyərini saxlamaq məqsədilə faiz dərəcəsini artıra bilər.
Nigar Məmmədova