7125ec5b-e9ad-4a40-abbe-1e3cf9d57378..jpg

Dollar ucuzlaşacaq? – ŞƏRH + FOTO

Baxış sayı: 675 dəfə baxılıb.

Dollar ucuzlaşacaq? – ŞƏRH + FOTO

Son zamanlar dolların digər valyutalar qarşısında zəifləyəcəyi haqqında
proqnozlar və iddialar tez-tez səsləndirilir. Belə ki, proqnozlara əsasən,
qlobal bazarlarda dollar ucuzlaşma tendensiyasındadır. Bloomberg Dollar
İndeksi, ABŞ Mərkəzi Bankının (FED) bu il uçot dərəcəsini endirəcəyi
gözləntiləri ilə keçən sentyabr ayında pik həddinə çatdıqdan sonra 10% düşüb.

Bununla bağlı Cixisyolu.com-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki,
ABŞ dollarının digər valyutalar qarşısında dəyər itirməsi və dəyər qazanması
məsələsində bir neçə faktor var. Ötən illərdə dollar dəyər qazansa da, artıq bu
hərəkətlilik zəifləməyə başlayıb:

“ABŞ dolları ötən illərdə bütün valyutalar qarşısında dəyər qazandı. Bu,
Amerika Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi – FED) inflyasiya ilə bağlı
apardığı siyasətin nəticəsi idi. Uçot dərəcəsinin artırılması ABŞ dollarının
dəyər qazanmasını sürətləndirdi. Eyni zamanda Rusiya-Ukrayna məsələsi ilə bağlı
risk çox yüksəldiyinə görə dollar digər valyutalardan güvənli valyuta hesab
edildi və investorların alışının artması ilə qarşılaşdı. Bütün bunlar dolların
dəyər qazanmasına gətirib çıxardı.

İndi risklərlə bağlı məqamlar bütün valyutalarda mövcuddur. Amma bu dollara
təsirini bir az tez göstərdi. Nəticədə ABŞ valyutası dəyər itirməyə başladı.
Həm resessiya qorxusu, həm risklər, üstəlik Amerika Mərkəzi Bankının pul-kredit
siyasəti ilə bağlı qərarı, uçot dərəcəsində stabillik kimi faktorları nəzərdən
keçirdikdə, cari ildə ABŞ valyutasının digərləri qarşısında dəyər itirdiyini
müşahidə edirik”.

Ekspert qeyd edib ki, ABŞ dollarının ticarətdə istifadə imkanlarının azalması
faktoru da göz qabağındadır:

“Çin, Rusiya və digər ölkələr bir-biri ilə qarşılıqlı ticarətdə milli
valyutadan istifadə etdiyindən, bu, ABŞ dollarına ehtiyacın kəskin azalacağı,
dolların dəyər itirəcəyini haqqında fikirləri gücləndirir.

Əslində dolların hökmranlığına qarşı addımlar təxminən 20 ildən çoxdur
başlayıb. Bir çox ölkələr öz aralarında milli valyuta ilə ticarət apararaq,
dolların dominantlığını azaltmaq istəyirlər. Amma bu, istənilən səviyyədə
effekt vermir, dolların dominantlığını ortadan qaldıra bilmir.

İstənilən halda, indiki situasiyada görünən odur ki, qlobal proseslər
valyutalar üzərində dalğalanmanı, hərəkətliliyi davam etdirir. Dolların
zəifləyəcəyi haqqında proqnozların özünü hansı səviyyədə doğruldacağı növbəti
proseslərdən asılı olacaq”.

Qeyd edək ki, baş ofisi Londonda yerləşən və aktivlərin idarə edilməsi ilə
məşğul olan “Eurizon SLJ Capital” ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın
azalması ilə faiz dərəcələrini azaltmağa başlayacağı və gələn il dolların 10-15
faiz ucuzlaşa biləcəyi ilə bağlı proqnozunu bölüşüb. “Eurizon SLJ Capital”
ekspertləri paylaşdıqları məlumatda dolların növbəti 4-6 rübdə enişini davam
etdirə və 10-15 faiz ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.

Aysel Aslan

Source link