76d6ef90-6f0e-406e-adbd-30e371f01a68..jpg

Doqquz milyon manatlıq mənimsəmə: “Rafael Xələfova “Land Rover”i, əynindəki şalvarı mən almışam”

Baxış sayı: 712 dəfə baxılıb.

Doqquz milyon manatlıq mənimsəmə: “Rafael Xələfova “Land Rover”i, əynindəki
şalvarı mən almışam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi
polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı
başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun
sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, müttəhim Məlikzadə 2017-ci ildən başlayaraq “N” saylı
hərbi hissədə və TTM-dəki xidməti dövründə hərbçilərin əmək haqlarının
ödənilməsini təmin etmək, dövlətin ayırdığı vəsaitin qanunauyğun istifadə
etmək, şəxsi heyətin düzgün mükafatlanmasını nəzarətdə saxlamaq, maliyyə
təsərrüfatına nəzarət etmək və digər vəzifə səlahiyyətlərinin əksinə olaraq
əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayətkar əlaqəyə girərək xüsusilə külli
miqdarda mənimsəməyə yol verib.

O, ümumilikdə 9 369 min 411 manat dövlət vəsaitini müəyyən şəxlərin adına
açdığı plastik kartlara köçürüb, həmin vəsait də nağdlaşdırılaraq mənimsənilib.

R.Məlikzadə verilmiş ittihama münasibətdə özünü qismən təqsirli bilir. Qismən
ona görə ki, mənimsəmə məbləği ilə razılaşmır. Məlikzadə iclasın davamında
sərbəst ifadə verib. O, özünün də müəyyən qədər mənimsəməyə yol verdiyini
etiraf edib, lakin 9 milyondan çox vəsaitin böyük hissəsini rəhbərliyə
verdiyini deyib. Sərbəst ifadənin gedişində məlum olub ki, Məlikzadə rəhbərlik
dedikdə Müdafiə nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq
rəisi Rafael Xələfov, eyni idarənin maliyələşmə şöbəsinin sabiq rəisi Nəriman
Cabbarovu nəzərdə tutur.

Rafael Xələfov özü də istintaqı aparılan cinayət işi üzrə ittiham edilir. Onun
haqda ibtidai istintaq davam edir.

Təqsirləndirilən şəxs xidməti dövründə mənimsəmənin hansı formada
aparılmasından da danışıb.

“20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənə…”

“N” saylı hərbi hissənin maliyyə rəisi işlədiyim 1 il ərzində iki dəfə yoxlama
olub. 153 min 600 manat birincidə, 849 min manat ikinci yoxlamada mənimsəmə
aşkar edilib.

İlk dəfə Azər Məmmədov hissədə təftiş aparıb, 153 min 600 manat 3 yerə
bölünüb. 20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənim özümə qalıb.
Təftişin payına düşən 92 min manatı şəxsən Azər Məmmədova vermişəm. Həmin
ərəfədə bir maraqlı məqam da oldu. Hərbi-hissədə təftiş gedə-gedə Nazirlikdən
inspeksiya yoxlaması gəldi. Elə bil ki, yoxlamanın üstünə yoxlama. Götürüb
Rafael Xələfovu yığdım, dedim, bəs bu nə məsələdir? Dedi ki, narahat olma, 15
min manat göndərərsən səni yoxlamayacaqlar. Elə bu danışıqdan biraz sonra
yoxlama çəkilib getdi. Söz verdiyim pulu da Xələfova şəxsən verdim. Amma Rafael
ilkin istintaqda birinci üzləşməmizdə 15 mini aldığını etiraf etsə də, sonra
inkar etdi.

Yekun olaraq deyə bilərəm ki, “N” saylı hərbi hissədə birinci yoxlamada
mənimsənilən 153 min 600 manatdan 46 min 620 manat şəxsən özümə qalıb. Qalan
vəsait də dediyim kimi bölünüb. İkinci yoxlama da eyni qaydada bölünüb. Həmin
yoxlamada 800 mindən artıq mənimsəmə ortaya çıxıb. Ordan da mənə 209 min 141
manat çatıb. Bu pulları da qəpiyinə kimi ödəməyə hazıram”.

İttihamda göstərilən məbləğin qalan hissəsi isə müttəhimin Təlim və Tədris
Mərkəzində işlədiyi dövrə aiddir.

Təqsirləndirilən şəxsin dediyinə görə, mənimsəmədən əlavə ildə bir dəfə xüsusi
tapşırıqlar olub. Bu tapşırıqlara görə, bir dəfə Rafael Xələfova 150 min,
Nəriman Cabbarova 100 min manat pul verib. Həmin pullar da mənimsəmə kimi qeyd
edilib.

Məlikzadə də Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və
onunla birgə ittiham edilənlər kimi Rafael Xələfovdan şikayətlənib, onun əsas
fiqur olduğu halda hər şeyi boyundan atdığını deyib.

“Bu əsərin baş qəhrəmanı Rafael Xələfovdur…”

“Rafael indi boynuna almır, amma bu əsəri o yazıb. Əsərin qəhrəmanı da odur.
Mən onun üçün çox şey eləmişəm. Onun “Land Rover” markalı avtomobilini mən
almışam. Mənim dostum Almaniyadan avtomobil gətirirdi. Rafail də bunu bilirdi.
Dedi ki, rəislər “Land Rover” sürür, mən də ondan istəyirəm. 78 min manat pul
sayıb verdim o maşına… Bundan başqa Rafaelə 18 min manatlıq paltar almışam.
Yadımdadır, bir dəfə də qohumu əməliyyat olundu, 8 min manat da onda mən
verdim. Oğlunun evinə mebel yığdırırdı, onun da 2 min manatını mən verdim. Çox
şey demək istəmirəm, ayıbdır… Amma onun əyininə geyindiyi şalvarın da pulunu
mən vermişəm.

Mən buları demək istəmirdim, amma gördüm at kimi üzümə durur, məcbur qaldım.
Gəlsin bura, üzləşmədə onu ifşa edəcəm”.

Müttəhim sərbəst ifadəsinin sonunda qeyd edib ki, mənimsənilən ümumi məbləğin
7 milyon 692 min manatı təftiş, maliyələşmə və xüsusi tapşırıqlara verib, 1
milyon 396 min manat özünə qalıb.

Prokuror Vüsal Əliyevi maraqlandıran məsələlərdən biri müttəhimə xüsusi
tapşırıqların kim tərəfindən verilməsi olub.

Məlikzadə ona tapşırığı Rafael Xələfovun verdiyini, amma xüsusi tapşırıq nə
demək olduğunu heç vaxt soruşmadığını deyib.

Müttəhim vəkili Vüqar Kazımovun sualını cavablandırarkən məlum olub ki, onu
ilk dəfə maliyyə rəisi vəzifəsinə elə Rafael Xələfov düzəldib.

Vəkil Kazımovun “indi kimlər səndən aldıqları pulları boyundan atır?”, sualına
müvəkkili “ R.Xələfov və N.Cabbarov”-, deyə cavab verib.

Proses gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə
Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət
məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri
ilə ittiham elan olunub.

Source link