Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi
polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi
başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun
sədrliyi ilə keçirilən iclasda ilkin dinləmələr keçirilib.
Prokuror cinayət işinin materialları ilə yeni tanış olduğunu deyərək hazırlıq
iclasının təxirə salınmasını xahiş edib.
Müttəhimin vəkili Vüqar Kazımov prosesin təxirə salınmasına etiraz etməyib,
lakin seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili dəymiş ziyanı qismən ödəyib,
həmçinin xəstə övladı var.
Təqsirləndirilən şəxs özü də həbs qərarının qaldırılaraq sərbəst mühakimə
olunmasını xahiş edib:
“Üzərimə düşən ziyanın bir qismini ödəmişəm. Amma sizi əmin edirəm ki,
azadlıqda olsaydım, tam ödəyə bilərdim”.
Məhkəmə prokurorun vəsatətini təmin, vəkilin vəsatətini rədd edib.
Əldə etdiyimiz məlumata görə, R.Məlikzadə mənimsənilən 9 milyon 369 min manat
vəsaitin 160 min manatını ödəyib.
Qərara əsasən, R.Məlikzadənin həbsdə saxlama müddəti 10 gün uzadılıb. Hazırlıq
iclası dekabrın 18-ə təyin edilib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə
Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət
məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri
ilə ittiham elan olunub.