Oktyabrın 10-dan 15-dək ABŞ-ın San Dieqo şəhərində idmanın 17 növü üzrə I Dünya Çimərlik Oyunları keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, martın 29-30-da Portuqaliyanın Şaves, mayın 10-11-də isə Braziliyanın Rio de Janeyro şəhərində Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən Dünya Seriyası turnirləri keçirilib.
Ölkəmizi bu yarışlarda dörd güləşçi – Pənah İlyaslı (-70 kq), İbrahim Yusubov (-80 kq), Kənan Əliyev (-90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Şavesdə Oyan qızıl, Pənahla İbrahim isə gümüş medal qazanıb. Rio de Janeyroda Nəzəriani və Yusubov gümüş, Əliyev isə bürünc medalın sahibi olub.
Beləliklə, iki yarışın yekununda Oyan 45, İbrahim 40, Pənah 30, Kənan isə 15 xal toplayıb. Bu nəticəylə reytinq sıralamasında Nəzəriani birinci, İbrahim ikinci, Pənah dördüncü, Kənan isə altıncı yerdədir.
Beləliklə, güləşçilərimizin dördü də I Dünya Çimərlik Oyunlarında iştirak hüququ qazanıb. Qeyd edək ki, bu oyunlarda çimərlik güləşi üzrə yarış oktyabrın 12-13-də keçiriləcək.
Onu da bildirək ki, daha əvvəl bu yarışda azərbaycanlı karateçi (kata) Roman Heydərovun yarışacağını xəbər vermişdik.
Səbuhi MUSAYEV