Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb.
Sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbəy Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda güləşçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq.
Aslanbəy Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kayl Şnayderi mübarizədən kənarlaşdırıb.
Qadın güləşçilərin mübarizəsində isə 65 kq-da təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də, bürünc medal görüşünə çıxacaq Elis Manolovanın rəqibi Ukrayna idmançısı olacaq.
Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Görüşlər “TRT Spor” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com