Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Valeriya Panfilovanın CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Valeriya Panfilova etibardan sui-istifadə edərək vətəndaş Nadir Ələkbərova, Nəriman Camalova, Diana Pavlova və Oksana Bojenoka qarşı dələduzluq edib.
Onun əməlləri nəticəsində zərərçəkmiş şəxlərə ümumilikdə 125.500 manat məbləğində maddi ziyan vurulub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Barəsində polis nəzarəti qətiimkan tədbiri ləğv edilib və o, iclas zalında dərhal həbsə alınıb.
Xatırladaq ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı V.Panfilovaya 6 il cəza təyin edilməsini xahiş edib, vəkili isə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.