Dörd nəfərin ölümündə təqsirləndirilən “Qurtuluş 93”ün vəzifəli şəxsi barədə
verilmiş yüngül qərar ləğv edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə
səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı
qərardan verilmiş kassasiya protestinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda
prokuror etirazını əsaslandırıb.
Protestdə deyilib ki, məhkum Kəlbəliyev haqqında apellyasiya məhkəməsinin
qərarı qanunauyğun olmayıb. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına
münasibətdə yüngüldür. Həmin qərara əsasən, dörd nəfərin ölümünə səbəb olan iş
adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli
cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.
Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki,
prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda
yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya
Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi “Range
Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı
avtomobillər toqquşub. Qəza nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü
M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev
və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.
Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı
Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə
tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə
apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı
Apellyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli
cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun
kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə”
futbol klubunun prezidenti olub.