Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda dörd müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının toplantısında bildirilib.
Qeyd olunub ki, sözügedən dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə tətbiq edilib.
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib.
Bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, üç nəfər digər müəssisələrin, altı nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.
Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) altı səyyar monitorinq həyata keçirilib.
Tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.
Cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub. Bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.