71d7b661-2438-457b-8e58-aa1ebc0fbbc4..jpg

Dörd uşağını atıb getdi, qızını əxlaqsızlığa cəlb etdi, oğlu isə… – Bakıda qətllər + FOTO

Baxış sayı: 764 dəfə baxılıb.

Dörd uşağını atıb getdi, qızını əxlaqsızlığa cəlb etdi, oğlu isə… – Bakıda
qətllər + FOTO

Bakıda anasını və bacısını qətlə yetirməkdə təqsirli bilinən Murad
Niftizadənin cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.Az xəbər verir ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu
rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi
münasibətlər zəminində qətlə yetirib.

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından
gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada
tutularaq Azərbaycana ekstradisiya olunub.

İş üzrə dindirilmiş Murad Niftizadə ifadəsində göstərib ki, 1997-ci ildə
Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Yetkinlik yaşına çatanda
böyük bacısı və qardaşının danışıqlarından bilib ki, anası hələ atasının
sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən kənd sakinlərindən
utanıb çəkinmədən Beydinli kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atası
bunu bilib daim xəcalətlə yaşayıb və qəflətən 37 yaşında vəfat edib.

Təxminən 11-12 yaşı olanda anası 4 uşağını qoyub həmin adama qoşulub çıxıb
gedib. Böyük bacısı Gülşən özü uşaq olmasına baxmayaraq, onlara analıq, qardaşı
Cavid isə atalıq edib. Bir təhər bibilərinin himayəsində yaşayıblar.

Uşaq olanda anasının hərəkətlərini tam dərk etməyib, amma böyüdükcə daxilən
xəcalət çəkib. Həmyaşıdları içərisində həmişə başıaşağı olub.

Bacısı Gülşənin ərizəsi əsasında Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə Fatma
Həmzəyeva rəsmi analıqdan məhrum edilib. İki bacı və iki qardaş analarını
həyatlarından silib yaşayıblar.

Murad Niftizadə bildirib ki, 2012-ci ildə Bakı şəhərinə gəlib bir müddət
bibilərinin evində qalıb. Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb.
Rusiyada yaşayan əmisi vaxtaşırı ona maddi köməklik edib.

2014-2015-ci illərdə eşitdiyinə görə, anası Fatma Həmzəyeva kənddə yaşayan
bəzi tanışlarının vasitəsilə bacısı Elgünlə əlaqə saxlayıb görüşüb. Böyük
bacısı və qardaşı həmçinin əmiləri, bibiləri buna mane olmağa çalışsalar da,
anası Elgünü yoldan çıxarıb, öz yanına Bakıya aparıb.

Əvvəl zənn ediblər ki, yəqin Fatma Elgünə analıq etmək istəyir. Amma sonradan
hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə və çay evlərində
günəmuzd xidmət göstərdiklərini öyrəniblər.

Murad Niftizadə 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Əmisinin təklifi ilə
2017-ci ildə işləmək üçün Rusiyanın Saratov şəhərinə gedib. 2018-ci ildə orada
əslən Biləsuvar rayonundan olan bir qızla evlənib. Bacısı ilə tez-tez əlaqə
saxlayıb. Bacısından Elgün haqqında soruşanda, Gülşən onun nə işlə məşğul
olması ilə maraqlanmadığını deyib. Danışığından anlayıb ki, bacısı Elgün
anasının təsiri altındadır və naməlum şəxslərlə görüşür, internetdə açıq-saçıq
şəkillər paylaşır.

Şəxsən özü də sosial şəbəkələrdə bacısının hamam xalatında oğlanlarla bir
yerdə əxlaqsız şəkillərini görüb. Bir neçə dəfə xəbər göndərib ki, bacısı həmin
şəkilləri silsin, amma faydası olmayıb. Uşaq vaxtı bir yerdə böyüdüklərindən
bacısının yaşadığı həyatı qətiyyən qəbul edə bilməyib. İstənilən yolla bacısını
anasının yanından ayırıb, öz yanına Rusiyaya aparmağı düşünüb və bunu
bacı-qardaşlarına deyib. Onlar onun bu fikri ilə razılaşıblar.

2019-cu ilin dekabr ayında bilib ki, böyük bacısı xəstəliyi ilə əlaqədar
əməliyyat olunmalıdır. Buna görə təxminən 3 min manata yaxın pul düzəldib
Bakıya gəlib. Bakıda bacısı Gülşəndən anası Fatmanın telefon nömrəsini öyrənib
və ona zəng edərək görüşmək istədiyini bildirib.

Dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollanıb. Binanın həyətində anası
Fatma onu qarşılayandan sonra birlikdə mənzilə qalxıblar. Onu çox soyuq
qarşılayan Fatma niyə gəldiyini soruşub. Bacısının yanına gəldiyini söyləyəndə,
anası – “Elgün işdədir, bir saata gələcək”, – deyib. Murad keçib mətbəxdə
oturub. Anası onunla acıqlı danışıb: “Elgün indi yadına düşüb, neyləyirsən onu?
İşləyir, özü özünü dolandırır, heç kimə ehtiyacı yoxdur”, – bildirəndə
əsəbiləşib, – “internetdə olan şəkillərindən necə işləyib dolandığı bəllidir”,
– deyib. Cavab olaraq anası qızın yaxşı etdiyini söyləyəndə, başa düşüb ki,
artıq bu adam üçün əxlaq, abır, ismət deyilən heç nə qalmayıb.

Murad bacısını özü ilə aparmağa gəldiyini deyəndə, Fatma qışqıraraq Elgünün
heç yerə getməyəcəyini bildirib və onun mənzildən çıxmasını tələb edib.

Murad Niftizadə ifadəsinin davamında bildirib ki, mübahisələrinin gərgin
vaxtında bacısı evə gəlib. Bacısı ilə söhbət edərkən hiss edib ki, gəlişi onun
da ürəyincə deyil. Ondan internetdə oğlanlarla şəkillərini niyə paylaşdığını
soruşanda bacısı – “hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim
işimə qarışa bilməz”, – deyib. Ona qardaşı olduğunu və uşaq vaxtı birgə anasız
böyüdüklərini xatırlatmağa çalışsa da, artıq anlayıb ki, anası Fatma bacısının
da həyatını məhv edib. Qonşu otaqdan mətbəxə keçən anası onu söyməyə başlayıb.

“Mənə dedi ki, sən kimsən onu aparasan? Dedim, mən qardaşıyam, gəlmişəm özümlə
onu aparım. Dedi, sən onun qardaşı deyilsən, o başqa kişidəndir. Dedim, atam
sağ olanda pozğunluq etmisən, bizi biabır eləmisən. Dedi, yaxşı eləmişəm, atamı
söydü”.

Bu zaman Murad anasının baş nahiyəsinə yumruqla vuraraq onu yerə yıxıb. Ayağa
qalxıb bıçaq götürən anası onun sağ çiyninə xəsarət yetirib. Yenə də vurmağa
cəhd edəndə kəsici aləti onun əlindən alıb, ona çoxsaylı zərbələr vurub.
Vurduğu zərbələrin sayını itirib. Bacısı qapını açıb içəri girəndə, sanki
ayılıb. Onun qan içərisində olduğunu görüb üzərinə gəlib. Qışqıra-qışqıra
əlləri ilə onu vurmağa başlayanda, bıçaqla bacısına da zərbələr endirib.

Müayinə zamanı Fatmanın bədənində 39, bacısı Elgündə isə 23 ədəd bıçaq yeri
aşkar edilib.

Zərbələrin təsirindən anası qonaq otağının qarşısında, bacısı isə mətbəxdə
yıxılaraq hərəkətsiz vəziyyətdə qalıblar.

Bundan sonra mənzildən çıxaraq ətrafda bir az gəzişib. Fikirləşib ki, Elgünə
görə geri qayıtsın, bəlkə hələlik sağdır. Amma sonra fikrindən daşınıb. Taksi
ilə “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə, oradan isə Rusiyaya gedib.

Murad Niftiyev əlavə edib ki, eşitdiyinə görə, hadisədən sonra doğmaları
Fatmanın və Elgünün meyitlərini qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi
və mərasim keçirilməsinə razılıq verməyiblər. Hər ikisi Bakıda kimsəsizlər
qəbiristanlığında dəfn olunub.

Məhkəmə iclasında Murad Niftizadə ittiham üzrə özünü təqsiri bilib.

Sonda məhkəmənin hökmü ilə Murad Niftizadə ittiham olunduğu maddələrlə
təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.

Source link