“Dostluq” kinoteatrı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına
daxil edilə bilər – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə
tikiliyə baxış keçiriblər.
Dövlət Xidmətindən verilən məlumata görə, binanın qorunması, qəzalı vəziyyətə
düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə
işlərinin aparılması planlaşdırılıb:
“Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət
mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil
deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir”.
Məlumatda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi
əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına
daxil edilməsi ilə bağlı təkliflərə baxılır.
16:40
Bir neçə gündür, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı sosial mediada
məlumatlar dərc olunur.
Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-nın
sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq
prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının
sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində
binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək
dayandırılıb. Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və
yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir
tikinti icazəsi verilməyib.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və
memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq
bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və
heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun
illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi
dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub.
Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə
vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini
saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti
göstərişlər verilib”.
15:28
Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrının söküldüyü iddia edilir.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı memarlıq üzrə elmlər doktoru, professor
Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
Professor qeyd edib ki, iki gündür ki, 1960-cı illərin memarlıq abidəsi olan
“Dostluq” kinoteatrının sökülməsi işləri aparılır:
“Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf
ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılının
yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər”.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Cixisyolu.com-ın
sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə heç bir çoxmərtəbəli
binanın tikilməsindən söhbət gedə bilməz:
“Sadəcə olaraq, təmir işləri aparılır. Hazırda tərəfimizdən araşdırma da
aparılır. Əlimizdə olan məlumata görə, “Dostluq” kinoteatrı özəl mülkiyyətdir.
Yəni, ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Rasim
Süleyman oğlu Salmanovun mülkiyyətindədir”.
Əzizə İsmayılova