Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Qasımovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il noyabrın 27-də 2-ci Zabrat qəsəbəsindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsindən aldığı ağır yara ilə Naxçıvan sakini Xəyal Məmmədov (1995-ci il təv.) çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Həmin gecə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zaur Qasımov saxlanılıb.
Məlum olub ki, tanışlar arasında mübahisə qəsəbənin H.Aslanov küçəsində baş verib. Nəticədə Qasımov üzərindəki bıçaqla dostunun ürək nahiyəsindən bıçaqla bir zərbə endirib və hadisə yerindən qaçıb.
Şahidlərin sözlərinə görə, onların arasında hadisədən 10 gün əvvəl də internet klubda mübahisə olub, lakin həmin vaxt onları ətrafda olan şəxslər ayırıblar.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış mayın 15-nə təyin edilib.