Hesablama Palatasının audit yoxlaması nəticəsində Naxçıvan Muxtar
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində dövlət
vəsaitlərinin istifadəsi və idarə olunması ilə bağlı ciddi nöqsanlar aşkar
edilib.
Cixisyolu.com xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
rəhbərliyi ilə keçirilən Kollegiya iclasında müvafiq qərar qəbul edilib.
Məlumatda göstərilir ki, Agentliyin funksional fəaliyyətini yetərincə
tənzimləyən hüquqi aktların olmaması, tabeliyində olmayan qurumlara vəsaitlərin
xərclənməsi və sığorta fondunun digər məqsədlərə yönəldilməsi kimi pozuntular
qeydə alınıb. Həmçinin, dövlət əmlakının səlahiyyətsiz istifadəsi, tibbi
sığorta vəsaitləri hesabına əsas fondların alınması və ya investisiyalar
hesabına tikintilərin maliyyələşdirilməsi ilə formalaşan aktivlərin başqa
qurumların balansına verilməsi halları müəyyən olunub.
Bundan əlavə, tibbi-iqtisadi ekspertiza üçün təyin edilmiş tələblərə uyğun
olmayan işçilərin vəzifəyə gətirilməsi, tibbi-iqtisadi ekspertizaların düzgün
aparılmaması, tibbi xidmətlərə dəyərindən artıq vəsait ödənilməsi, eləcə də bir
sıra hüquq pozuntuları – donor saylarının artıq göstərilməsi ilə artıq vəsaitin
alınması, hesabat təqdim olunmadan vəsaitlərin köçürülməsi, tibbi avadanlıq və
məhsulların tibbi sığorta fondlarından maliyyələşdirilməsi, vergi
öhdəliklərinin vaxtında yerinə yetirilməməsi və əmək haqqı hesablaşmalarında
artıq ödənişlər kimi qanun pozuntuları da aşkar edilib.