Dövlət cari ilin iki ayında özəlləşdirmə və icarədən nə qədər qazanıb? – FOTO
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk 2 ayı ərzində
özəlləşdirmə və icarədən dövlət büdcəsinə 20,7 milyon manat vəsaitin ödənilməsi
təmin edilib.
Bu barədə Cixisyolu.com-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmət dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin
yanvar-fevral ayları ərzində 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar
cəmiyyətinin səhm paketi, bir kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi
özəlləşdirilib.
Bu ilin ilk 2 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron
sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac”
proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. 2023-cü ilin
yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı
sahibkarların istifadəsinə verilib.
2023-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə
daxilolmalar 14,8 milyon manat təşkil edib. Dövlət əmlakının icarəyə verilməsi
sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu
dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 134-ü qeyri-yaşayış,
305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə
müqayisədə 7% çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən
cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat
vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının
özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə
daxil olub.