Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov
bizə iş verdi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hacıbaba Bağırov mənim doğma əmimdir. Düzdür, bizim soyadlarımız müxtəlifdir.
O, mənim nənəmin birinci nikahdan olan oğludur. Bizim çox səmimi, isti
münasibətlərimiz olub”.
Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev
deyib.
O, daha sonra əlavə edib:
“Hətta onu deyim ki, Hacıbaba müəllim mənim xətrimi çox istəyirdi. Elə bir
tədbiri, xeyir işi olmazdı ki, mən ora dəvət olunmayım. Mən onun 6 yaşından
tamaşaçısı olmuşam. Hacıbaba müəllimin xalası, yəni nənəmin bacısı ilə gedib
birlikdə baxırdıq. 2004-cü ildə mənə “Əməkdar incəsənət xadimi” adı veriləndə
səhər tezdən məni ilk təbrik edən Hacıbaba müəllim olmuşdu
“Şirbalanın məhəbbəti” filminin ərsəyə gəlməsi də Hacıbaba müəllimin adı ilə
bağlı idi. O zaman Sovet ittifaqı dağılırdı. Biz “Söyüdlərin sarı işığı” adlı
filmin çəkilişlərinə başlamışdıq. Filmi yarım saxladılar. Çünki SSRİ
Kinematoqrafiya komitəsi maliyyəni dayandırdı. Filmin təxminən 70 əməkdaşı
işsiz qaldı. O anda bizə Hacıbaba müəllim kömək etdi. Mən ona dedim ki, pis
vəziyyətdə qalmışıq. Dedi ki, mənim sponsorum var, gəl mərhum Rüfət
Əhmədzadənin “Şirbalanın məhəbbəti” pyesini ekranlaşdıraq. Biz bunu etdik, 45
günə həmin film çəkildi. Bizlərə çörək verdi. Bu gün də o film sevilir, hamı bu
filmə baxır. Çünki orada çox gözəl aktyorlar, ələlxüsus da Hacıbaba müəllim
var. O adi aktyorlardan tez gəlirdi çəkilişlərə. Rolunun ifasına hər zaman
hazırlıqlı idi. Bu filmi tənqid edənlər də oldu. Burada çox gözəl mahnılar
səslənib. Cavanşir Quliyev çox gözəl mahnılar bəstələmişdi. Həmin mahnıları
sonradan görkəmli müğənnilərimiz ifa etdi. Bu filmin özünəməxsus yeri var.
Hacıbaba müəllim işsiz qaldığımız illərdə bizə kömək etdi, yardım əlini uzatdı.
Onu xatırlayarkən hər zaman kövrəlirəm. Çünki mənə doğma olan biri idi, qayğıma
qalırdı”.
Sənətkar “Alma almaya bənzər” filminin çəkilişlərindən də danışıb:
“Alma almaya bənzər” filminin çəkilişlərinə məni rejissor Arif Babayev dəvət
etdi. O bizim qonşumuz idi. Biz İçərişəhərdə yaşayırdıq. Atamla dostluq edirdi.
Həmişə məni görəndə deyirdi ki, səni filmə çəkəcəyəm. Günlərin bir günü məni
“Alma almaya bənzər” filminə çəkdi. Təsadüf elə gətirdi ki, bu filmdə baş
rollardan birini Hacıbaba Bağırov oynadı. Biz Qubada bir yerdə qonaq evində
qalırdıq. Hacıbaba müəllim bu filmdə də mənə çox dəstək oldu. Uşaq idim, amma
dəstəyini hiss edirdim. Sevindim ki, doğma bir insanı gördüm. Onu hər zaman
böyük məhəbbətlə, sevgiylə, hörmətlə xatırlayıram”.
Cəmil Quliyev Hacıbaba Bağırovla son görüşünü də xatırlayıb:
“Son günlərində xəstəxanaya yanına tez-tez gedirdim. O, artıq çox ağır
vəziyyətdə idi. Yoldaşı Arzu xanım bir anlıq otaqdan çölə çıxmışdı. Gözlərində
həyata bir məhəbbət, sevgi var idi. O sadəcə mənə dedi ki, bir qızımdan
nigaranam, bir də heyif ki, daha səhnəni görə bilməyəcəyəm. Mən ona dedim ki,
sən sağalacaqsan, hər şey yaxşı olacaq. Gülümsündü. Dedi ki, sən get, bir az
yatım. Evə çatanda artıq mənə xəbər verildi ki, Hacıbaba müəllim rəhmətə getdi.
Yenidən qayıdıb gəldim evlərinə. Övladına görə çox nigaran idi. Səhnəyə böyük
məhəbbəti var idi. Rəhmətə gedəndə də hiss olunurdu ki, o səhnədən həsrətlə
ayrılır”.