251a0795-840b-44b2-8c07-d57b2bfc4ad3..jpg

Dövlət ittihamçısı sabiq deputatın məhkəməsində: “Mənimsəmə faktının üstündə qalırıq”

Baxış sayı: 636 dəfə baxılıb.

Dövlət ittihamçısı sabiq deputatın məhkəməsində: “Mənimsəmə faktının üstündə
qalırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq
cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi
üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli
Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi
başlayıb.

Bildirilib ki, banka 17 milyon 765 min manat ziyan dəysə də, istintaq
materiallarında bu məbləğ 6 milyon manat göstərilib.

Prokuror və hakim ittiham aktında zərərin 6 milyon 600 min manat olduğunu qeyd
ediblər.

Mülki iddiaçının nümayəndəsi də çıxışında bank nümayəndəsi ilə fikrinin eyni
olduğunu, banka dəymiş ziyanın həmin dövrün məzənnəsi ilə hesablanmalı olduğunu
deyib:

“Əgər belə hesablanarsa, banka dəymiş ziyanın 17 milyon manat olduğu sübuta
yetiriləcək”.

Təqsirləndirlilən şəxslər – Dünyamin Xəlilov və Azad Cavadov mənimsəmə ilə
bağlı ittihamla razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, o
pullar necə götürüb və hara xərclənməsi barədə xəbərləri olmayıb:

“Beynəlxalq Bankdan müxtəlif şəxslərin adına götürülən kreditlər müəyyən
layihələrin həyata keçirilməsinə xərclənib. Həmin pullar bizim tərəfimizdən
mənimsənilməyib və bu ittihamı qəbul etmirik “.

Dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş
ittihamı müdafiə edib:

“Əlimizdə təqsirləndirilənlərin müəyyən şəxslər adından Beynəlxalq Bankdan
götürülən kreditlərin hər hansı bir layihəyə xərclənməsi ilə bağlı məlumat
yoxdur. Ona görə də mənimsəmə faktının üstündə qalırıq”.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, istintaqla D.Xəlilov və A.Cavadovun 2001-2015-ci illər ərzində
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə
sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və
“Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə
kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz
göstərişləri icra edib, həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə
adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə
pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət
Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli
miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan
məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri
seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Xatırladaq ki, D.Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı D.Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır
Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb
qaytarmamaqda təqsirləndirilərək 13 il müddətinə həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov
və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibi olub. O, 2005-ci ildə
Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan
Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir
Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki
Ət Kombinatı” ASC-ni uzun müddət Xəlilov idarə edib.

Source link