Dövlət Komissiyası: “Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı
tələblərə cavab vermir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İtkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji
nümunələr götürülüb. Ancaq bu iş tam yekunlaşmayıb və davam edir”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib.
Onun sözlərinə görə, şəxsiyyəti eyniləşdirilmiş 108 nəfərin hamısı məhz bu
nümunələrdən istifadə edilərək müəyyənləşdirilib:
“Sözsüz ki, burada vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi
cavabdır. Əgər tapılmış sümüklərdə bioloji nümunə, başqa sözlə DNT varsa, onun
şəxsiyyətinin müəyyən olunması asandır”.
İsmayıl Axundov qeyd edib ki, bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə
prosesində digər metodlardan da istifadə olunur:
“İtkinlərlə bağlı ilkin olaraq antemortem – ölümdən əvvəlki – məlumatlar
toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem – ölümdən sonrakı –
məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə
şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu ciddi vaxt, maddi və
insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları
müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit
qalıqlarının hamısı o tələblərə cavab vermir.
Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün
informasiyalar qeydiyyata alınır. Bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə
onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və
sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud
cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər
məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin
şəhidolma arealı da bizə məlumdursa, bu metodologiyalardan da istifadə olunur”.