Komitəmizə ən çox müraciətlər alimentlərlə bağlıdır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.
O qeyd edib ki, neçə illərdir bu istiqamətdə addımlar atılsa da, aliment problemi hələ də ciddi problem olaraq qalmaqdadır:
“Bizə edilən müraciətlərin ön sırasında aliment problemi gəlir. Çünki boşanmalardan sonra bir çox atalar aliment verməkdən yayınır, boyun qaçırırlar. Bununla yanaşı, bizə ən çox edilən müracətlərdən biri də ailə-məişət zorakılığı ilə bağlıdır.
Hələ də bölgələrimizdə ailə-məişət zorakılığından əziyyət çəkən insanlarımız var və bunlar azlıq təşkil etmir. Mən heç də o fikirlə razılaşmıram ki, ailədaxili konfliktlərin, zorakılıqların, boşanmaların kökündə maddiyyat, iqtisadi məsələr dayanır. Bu, belə deyil. Burada daha çox mənəvi faktorlar özünü göstərir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com