Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət
Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, infoturda məcburi köçkünlərin yeni salınmış yaşayış
məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat
işlərinin aparılması sahəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən media
nümayəndələri və fotoqraflar iştirak ediblər.
“Qonaqlar ərazilərin 30 ilə yaxın müddətdə işğal altında saxlandığı dövrdə
orada törədilən dağıntılar və vandalizm aktlarını müşahidə ediblər. Eyni
zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri,
irimiqyaslı layihələrlə də tanışlıq olub. İnfotur iştirakçıları Füzuli
şəhərində yeni salınan yaşayış məhəlləsində, Özbəkistan hökuməti tərəfindən
hədiyyə olaraq tikilmiş 960 yerlik məktəbdə olub, Böyük Qayıdış prosesi
çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələrinə yeni mənzillərin
açarlarının verilməsi mərasimində iştirak edib, sakinlərin fikir və rəylərini
öyrəniblər. Dövlət Komitəsinin nümayəndələri köçürülmənin gedişi,
məskunlaşdırma və reinteqrasiya tədbirləri barədə onlara ətraflı məlumat
veriblər.
İnfotur iştirakçılara ərazilərin abadlaşdırılması, əsl cənnətə çevrilməsi üçün
dövlət tərəfindən həyata keçirilən işlərin dəyərini, miqyasını anlamaq imkanı
verib.
Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük
Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad
edilmiş ərazilərə infoturlar davam etdiriləcək”, – deyə məlumatda bildirilir.