Neftin dünya bazar qiymətinin yüksək olması 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından təqribən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir.
Millət vəkillərinin təkliflərinə görə, bazarı nəzərə alaraq, neftin büdcə qiyməti 10 dollar artırılmalıdır.
Neftin bahalaşması büdcə gəlirlərini nə qədər artırır?
İqtisadçı-ekspert Vüqar Bayramov ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə beş milyard manatdan artıq gəlir deməkdir:
“Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalar vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır.
2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə üç milyard manata yaxın çox proqnozlaşdırıldığını nəzərə alsaq, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil.
Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxilolmaları daha çox artıra bilər. Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar qiymətinin uzunmüddətli dövrdə yüksək qalacağı az inandırıcıdır”.
Əlavə vəsait hansı istiqamətə yönəldiləcək?
O ki qaldı büdcəyə əlavə ediləcək vəsaiti hansı istiqamətə xərcləməyin daha məqsədəyğun olmasına, V.Bayramov qeyd edir ki, dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyası üçün vəsaitin ayrılması daha məqsədəuyğundur:
“Bank sektorunun sağlamlaşdırılması, əhalinin xərclərinin azaldılması üçün bu addımın atılması məqsədəuyğundur. Daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik.
Üçtərəfli mexanizmin tətbiqini təklif edirik. Söhbət fərqin üç tərəf – hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır.
Bunun özəlliyi ondan ibarətdir ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir.
Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir. Digər üçdə ikisini müştəri ilə bank ödəyir. Beləliklə, tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun”.
Ekspertin sözlərinə görə, təklif edilən modeldə Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olacaq:
“Problemli kredit probleminin həlli üçün, düşünürəm ki, bizim təkliflərin qəbul edilməsi məqsədəuyğundur. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də, problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də, problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxardı.
Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla, bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub.
O baxımdan, biz də Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu mexanizminin maliyyələşdirilməsi üçün büdcəyə ediləcək dəyişikliklərdə xərcin nəzərdə tutulması daha məqsədəuyğun olardı”.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com