a0a8a765-0b3c-4b13-af42-ec7e69cbc7e0..jpg

Dövlət orkestrinin həbsdə olan bədii rəhbərinin ailəsinə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Baxış sayı: 724 dəfə baxılıb.

Dövlət orkestrinin həbsdə olan bədii rəhbərinin ailəsinə qarşı dələduzluq edən
şəxslərin məhkəməsi başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbəri
Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar
Məlikov və Əlifəttah Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti
üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii
rəhbəri olmuş Lütfi Qədirov və orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş
Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar. Bakı Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il müddətinə azadlıqdan
məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib. İş üzrə istintaq
dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad
edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə
orqanlarında işləmiş Xanlar Məlikova 52 500 manat pul verilib. Razılaşmaya
görə, Lütfi Qədirov azadlığa buraxılacağı halda Xanlar Məlikova daha 50 min
manat veriləcəkmiş. İstintaq zamanı məlum olub ki, Lütfi Qədirovun qardaşı
Şirxan Qədirov Xanlar Məlikovla sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə
tanış olub.

Lütfi Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla
üzləşdiyi barədə prokurorluğa müraciət edib. Xanlar Məlikov və Əlifəttah Əliyev
barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan
vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi
başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov səkkiz il
müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə səkkiz min manat
cərimə cəzası təyin olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət
ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin dövlət
ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev
barəsində səkkiz min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı
hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə beş il altı ay həbs cəzası
verilib. O, məhkəmə zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə
təmin olunmayıb. Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət
edib, lakin şikayətlərini geri götürüblər.

Source link