606a8775-b87a-4996-8245-1ad4ddc093c3..jpg

“Dövlət vəsaiti alan qurumların məsuliyyəti və intizamı artırılmalıdır” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

“Dövlət vəsaiti alan qurumların məsuliyyəti və intizamı artırılmalıdır” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət vəsaiti alan qurumların məsuliyyəti və intizamı artırılmalıdır”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– 2024-cü ilin büdcəsi ilə bağlı müzakirələr Milli Məclisdə yekunlaşır.
Növbəti ilin büdcəsi ilə bağlı nələrə toxunmaq istəyərdiniz?

– Əgər sualınızı parametrlərin dəyişməsi baxımından cavablandırsam, ilk olaraq
vergi xətti ilə toplanan neft gəlirlərinin iki milyard məbləğində azalmasını
deməliyəm. Dövlət büdcəsinin xərcləri bilirsiniz ki, üç hissədən ibarətdir.
Cari xərclər 2,5% artır və bu, son dövrlər üzrə ən aşağı artım tempidir. Əsaslı
xərclər isə 8,9% azalır. Dövlət borcuna xidmət xərcləri isə cari ilə nisbətən
66,8% artıq görünür. Niyə belə dedik? Ona görə ki, əslində, bu qədər artım
yoxdur. Bu, əsasən, borcun uçotu ilə bağlıdır. Eyni zamanda, daxili maliyyə
bazarlarında dövlət istiqrazları üçün faiz xərclərinin həcmi də artırılıb. Bu,
növbəti ilin büdcəsi ilə bağlı sadə formada toxunmaq istədiyim məsələlərdir.

– Əgər büdcəyə ümumi yanaşsaq, daha hansı məqamları qeyd edə bilərsiniz?

– Ümumiyyətlə, növbəti ilin büdcəsində 2023-cü ilin yenidən baxılmış büdcəsi
ilə müqayisədə əhəmiyyətli dəyişiklik yoxdur. Lakin burada biz yenidən baxılmış
büdcənin baza göstəricilərinin növbəti ilin baza göstəricilərindən fərqli
olduğunu da bildirməliyik. Cari ilin yenidən baxılan büdcəsi ilkin büdcə ilə
müqayisədə təxminən 3 milyard manat artırılıb.

Büdcə xərclərində işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın
təmin edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, “Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”,
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı” da diqqətdə saxlanılıb.

– Bəs növbəti ildə cari xərclər hansı sahələrdə artacaq?

– Növbəti ildə cari xərclərin artımı hüquq-mühafizə orqanlarının əmək
ödənişlərində. Həmin ödənişlərlə bağlı cənab Prezidentin Zəfər Günü ərəfəsində
müvafiq Fərmanı oldu. Cari xərclərin ikinci artım istiqaməti isə digər sosial
ödənişlərlə əlaqədardır.

– Ümumiyyətlə, tövsiyələriniz büdcə sənədlərində nəzərə alınır?

– Tövsiyələrimizin icrasına keçməzdən öncə bildirim ki, rəylərimiz büdcənin
planlaşdırılmasına və icrasına cavabdeh olan qurum və təşkilatlara gələcək
büdcə planlarının hazırlanmasında və icrasında dəstək verir.

Sualınıza gəlincə isə, əvvəlki rəylərdə qeyd edilmiş əksər məsələlər təqdim
olunmuş “Büdcə zərfi”ndə nəzərə alınıb. İlk dəfə olaraq bununla bağlı ayrıca
məlumat büdcə sənədləşməsində deputatlara təqdim olunub. Apardığımız təhlillər
ötən il üçün verilmiş 40-a yaxın tövsiyənin təxminən yarısının tam və ya qismən
nəzərə alındığını deməyə imkan verir.

– Naxçıvan Muxtar Respublikasında bu il apardığınız auditlərin yekunu olaraq
nə demək istərdiniz?

– 2023-cü ildə nəzarət tədbirləri portfelimizin təxminən 15%-i Naxçıvan Muxtar
Respublikası ilə bağlı olub. Bəziləri barədə mətbuatda açıqlamalar vermişik.
Nəticələri ümumiləşdirsək, deyə bilərik ki, Muxtar Respublikanın 2022-ci ilin
büdcəsinə dair hesabat göstəriciləri doğru deyil. Doğru olmayan yalnız ümumi
rəqəmlər deyil, eyni zamanda, struktur və ayrı-ayrı göstəricilərdə də təhriflər
kifayət qədərdir. Yol verilmiş nöqsanlar maliyyə idarəetməsinə məsul şəxslərin
məsuliyyətini tam dərk etməməsi, eləcə də bu sahə üzrə kifayət qədər bacarıq və
biliklərə malik olmaması ilə əlaqəlidir. Dövlət vəsaiti alan qurumların
məsuliyyəti və intizamı artırılmalıdır. Nəticələrə dair geniş məlumat Fəaliyyət
Hesabatımızda əks olunacaq.

– Fəaliyyətinizlə bağlı hansısa dəyişiklikləri bu region üçün
planlaşdırırsınız?

– Oktyabr ayında Naxçıvanda “Maliyyə hesabatlılığı və şəffaflıq” mövzusunda
tədbir keçirildi. Həmin tədbirdə də qeyd etdiyimiz kimi, Hesablama Palatası
Naxçıvanın maliyyə hesabatlılığına töhfə vermək üçün müxtəlif fəaliyyətləri
həyata keçirmək niyyətindədir. Muxtar Respublikanın rəhbər şəxslərinin də bizim
işlərə dəstək olmasını xüsusi vurğulamaq istərdim.

Hələlik iki istiqamət daha önəmlidir. Birincisi, maliyyə hesabatlılığı və
dövlət satınalmaları ilə əlaqədar qurumlar üçün təlimlərin təşkil olunması. Bu
istiqamətdə bəzi tədbir və təlimləri hazırkı dövrədək təşkil etmişik. Məlumat
üçün bildirim ki, ilk təlimdə 60-dan yuxarı qurumun rəhbər və məsul şəxsləri
iştirak etdilər.

Növbəti istiqamət isə dövlət auditinin təsiridir. Auditlərin nəticələri audit
olunan obyektlə yanaşı, yuxarı və aidiyyəti dövlət orqanlarına göndərilir.
Məqsəd səlahiyyətləri çərçivəsində yuxarı orqanlar tərəfindən tədbirlərin
görülməsidir. Təhlillər bunun gələcəkdə digər qurumlarda nöqsanlara rast
gəlinməməsi üçün effektiv olduğunu göstərir.

Eyni zamanda, Hesablama Palatasının Naxçıvandakı İdarəsində də struktur
dəyişikliklərinin aparılmasını nəzərdə tutmuşuq. Strukturun və kadrların
müəyyən olunan vəzifələrin icrasına uyğunlaşdırılmasını təmin edəcəyik.

– AZTV və kino ilə bağlı Hesablama Palatasının auditlərində üzə çıxarılmış
nöqsanların aradan qaldırması istiqamətində addımlar atılıb, audit aparmış
orqan kimi Hesablama Palatası bu barədə məlumatlandırılıbmı?

– AZTV tərəfindən əvvəlki dövrdə apardığımız nəzarət tədbirlərinin
nəticələrinə dair təqdim etdiyimiz tövsiyələr əsasında xeyli tədbirlər görülüb.
Cari ildə apardığımız audit nəticəsində Cəmiyyətin Nizamnaməsinin
təkmilləşdirilməsinə dair ciddi addımların atılması, strukturunun hüquqi
aktların tələblərinə uyğunlaşdırılması, televiziya məhsullarını xarakterizə
edən göstəricilər və ödənilən məbləğin uzlaşmasının təmin edilməsi
istiqamətində işlərin davam etdirilməsi, maliyyə əməliyyatlarının və
hesabatlarının tələb olunan standartlara uyğunluğunun artırılmasına dair
təkliflər verilib. Cəmiyyət tərəfindən bu işlərin görülməsinə dair mütəmadi
məlumatlar verilir.

Kino ilə bağlı məsələlər nisbətən fərqlidir. Cari ildəki nəzarət tədbirində
2021-2022-ci illərdə kinoya ayrılan vəsaitlərin istifadəsində əhəmiyyətli
dəyişikliklərin olduğunu görmədik. Obyektivlik üçün bildirim ki, yeni idarəetmə
modelinin yaradılması üzərində iş aparılıb, müəyyən cəhdlər və davranışlar
müşahidə edilir. Lakin görüləsi işlərin həcmi fəaliyyətin güclənməsini diktə
edir. Xüsusilə vurğulayım ki, filmlərin hazırlanması ilə bağlı xərclərin
tərkibinin düzgün müəyyənləşdirilməsi, dövlət sifarişi ilə bağlı fəaliyyətin
tənzimlənməsi, studiyaların fəaliyyətinin yenilənməsi, qonorarların ödənilməsi
ilə bağlı baxışların formalaşması ilə bağlı fəaliyyət nəzərə çarpmadı.

Yaxın zamanlarda, bir neçə nəzarət tədbirinin nəticələrini saytımız vasitəsilə
ictimaiyyətə çatdırmağı planlaşdırırıq. Bu və digər sahələrlə bağlı kollegiya
qərarından sonra məlumat verəcəyik.

– Milli Məclisdə hər zaman Hesablama Palatası tərəfindən hüquq-mühafizə
orqanlarına göndərilən məlumatların son nəticəsinin açıqlanmaması ilə bağlı
iradlar səsləndirilir. Bununla bağlı Hesablama Palatasına səlahiyyət verilə
bilər?

– Nəzarət tədbirinin nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsinin
əsas məqsədlərindən biri də, auditin təsirinin gücləndirilməsi və nəticəli
olmasıdır. Əlavə səlahiyyət məsələsi ilə bağlı demək istərdim ki,
hüquq-mühafizə orqanları ilə kifayət qədər yaxşı əməkdaşlığımız mövcuddur. Bu
orqanlardan auditlərin sonrakı taleyi ilə bağlı məlumat alırıq və bunu
fəaliyyətimizlə bağlı hesabatda dərc edirik. Ali audit orqanlarının müxtəlif
modelləri mövcuddur. Hesablama Palatasının idarəetmə quruluşu – kollegial orqan
olmaq – daha təkmil hesab edilir. Məhkəmə modellərindən fərqli olaraq, bu
modeldə ali audit orqanlarının bu istiqamətdə əlavə mandatı mövcud deyil.

– Parlamentin plenar iclasında vergi güzəşt və azadolmalarının iqtisadiyyata
təsiri mövzusuna toxundunuz. Mövcud vəziyyət necədir?

– Çıxışımda da qeyd etdiyim kimi, hər il vergi qanunvericiliyində müxtəlif
istiqamətli dəyişikliklər edilir. Bu dəyişikliklər arasında vergi güzəşt və
azadolmalarının yaranmasına və artmasına səbəb olan dəyişikliklər də kifayət
qədərdir.

Son 4 ildə bu sahədə verilmiş güzəşt və azadolmaların məbləği 30 milyard
manatı keçib. Qeyd edim ki, bu il büdcə sənədləşməsinə daxil olan məlumat
əvvəlki illərdən keyfiyyət baxımından fərqlənib, güzəşt və azadolmaların
müxtəlif meyarlar üzrə bölgüsü verilib. Vergi güzəşt və azadolmaların
səmərəliliyinin müəyyən edilməsi ilə bağlı tələblər olsa da, təqdim edilən
büdcə sənədlərində rast gəlmədik.

Eyni zamanda, qeyd etməliyəm ki, səmərəliliklə bağlı aparılacaq
qiymətləndirmədən sonra güzəşt və azadolmaların siyahısına da bir daha
baxmalıyıq, reallığını təhlil etməliyik.

– Hesablama Palatası tərəfindən aparılan auditlərdə pensiya və müavinətlərin
təyinatı sahəsində ciddi nöqsanlar aşkarlanırdı. Palata DSMF və İSF-də bu
istiqamətdə növbəti yoxlamalar planlaşdırır? ƏƏSMN indiyə qədər Hesablama
Palatasının bu yöndə verdiyi tövsiyələri nə dərəcədə nəzərə alıb?

– Pensiya və müavinətlərin hesablanılması və təyin edilməsi ilə bağlı son
illərdə məlumat bazalarının təkmilləşdirilməsi və İT-nin tətbiqinin
genişləndirilməsi bir çox nöqsanların aradan qalxmasına səbəb olmaqla yanaşı,
audit metodologiyalarının da dəyişməsinə gətirib çıxarıb. Qeyd edim ki, əvvəlki
illərdə, eləcə də, DSMF-də aparılmış sonuncu auditdə nöqsanların miqyası əhatə
edilmiş məbləğlərlə müqayisədə kiçik payla xarakterizə olunub.

Cari ildə apardığımız nəzarət tədbiri çərçivəsində müəyyən edilmiş nöqsanlar 2
məlumat bazası arasında mövcud uyğunsuzluğun nəticəsi olub ki, bu da, təqdim
edilmiş məlumatlara görə, Hesablama Palatası tərəfindən verilmiş təkliflərin
icrası olaraq aradan qaldırılıb.

– Bəs, Hesablama Palatası DSMF VƏ İSF-nin büdcə layihələri ilə bağlı nələri
demək istəyir?

– Büdcədənkənar fondların büdcələrinə dair qiymətləndirmələrimiz və
tövsiyələrimiz rəydə ətraflı göstərilib. Bunlardan hansını daha önəmli hesab
edirik? İlk olaraq bildirim ki, Qanun layihəsində gəlir və xərc ənənəvi qaydada
təsnifləşdirilib. Bu formada təsnifləşdirmə 20 ildən yuxarıdır. Bu illər
ərzində dövlət maliyyəsinin idarəedilməsi sahəsində müsbət çoxsaylı
dəyişikliklər olub. Qanun layihəsinin strukturu və məzmunu hazırda mövcud olan
şəffaflığa və hesabatlığa adekvat olmalıdır. Hesab edirik ki, mədaxil
mənbələrinin və xərc istiqamətlərinin dövlət büdcəsinə dair Qanun layihəsinə
analoji olaraq Dövlət Maliyyəsi Statistikası Təlimatının tələblərinə uyğun
göstərilməsi dövlət maliyyəsinin idarəedilməsi üzrə qabaqcıl təcrübəyə
yaxınlaşmaya imkan verən addımlardan ola bilər.

İkinci tövsiyə – fondların inzibati xərcləri ilə bağlıdır. İnzibati xərclər
dövlət maliyyəsinin önəmli komponenti olan bu fondların dayanıqlılığının
ölçülməsində istifadə olunan meyarlardan biridir. Hesab edirik ki, inzibati
xərclərə xüsusi diqqət yetirilməli və bu istiqamətdə nəzarət artırılmalı,
müəyyənləşdirilmiş hədlər həm proqnozlaşdırma, həm də icra prosesində
gözlənilməlidir.

Üçüncü vacib tövsiyəmiz – bəzi göstəricilərin diqqətdə saxlanılması ilə
bağlıdır. Pensiya təminatı sisteminin qiymətləndirilməsi zamanı bir sıra
göstəricilər əsas götürülür. Dövlət tərəfindən bu sahəyə göstərilən xüsusi
diqqət və iqtisadi imkanlar maliyyə baxımından yaxın illərdə riskləri istisna
etsə də, demoqrafik göstəricilərin davranışı artıq bəzi meyilləri
işıqlandırmaqdadır. Belə ki, cari dövrdə pensiyaçıların sayının azalması
fonunda pensiya xərclərinin artması sığortaolunanlar tərəfindən ödənilən sosial
sığorta haqqının daha çox hissəsinin Fondun sığorta ödənişlərinin
maliyyələşdirilməsinə yönəldiyini göstərir. Bu isə gələcəkdə fondun resurs
ehtiyatı yaratmaq imkanlarının məhdudlaşdıra bilmə ehtimalına səbəb ola bilər.

Eyni zamanda, statistik göstəricilərin təhlilindən irəli gələrək, Hesablama
Palatası gələcəkdə baş verəcək yaşlanma fonunda sığortaolunanlar qarşısında
götürülən öhdəliklərin həyata keçirilməsi üçün Fond tərəfindən müvafiq strateji
baxışların hazırlanmasını zəruri hesab edir.

– “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edilib, 2024-cü ildən
tətbiq ediləcək. Bu qanunun qəbulundan sonra dövlət satınalmalarında şəffaflığa
nail olunacaq?

– Yeni Qanunun qəbul edilməsinin bir neçə məqsədi var. Bu məqsədlərdən biri də
şəffaflığın təmin edilməsi ilə bağlıdır. Yeni Qanunun əsas prinsiplərindən biri
də şəffaflıqdır. Ümumiyyətlə, yeni qanunda qapalı tender istisna olmaqla, bütün
satınalmalar elektronlaşdırılır, bəzi satınalma metodları ləğv edilir və daxili
nəzarət orqanının səlahiyyətləri genişləndirilir. Kənar dövlət maliyyə
nəzarətinin bu mərhələdən sonra əsas funksiyası cari prosedur və
qanunvericiliyin tələblərinə uyğunluğa nəzarətlə məhdudlaşmır. Satınalma üzrə
xərclərin məqsədəuyğunluğu və əsaslılığı, satınalmaların vaxtında olması və
səmərəliliyi gələcək auditlərdə prioritet olacaq.

Sonda xüsusi vurğulamaq istərdim ki, yeni tənzimlənmələrin nə dərəcədə
effektiv olması bu Qanunun təşkilatlar tərəfindən tətbiqindən sonra məlum
olacaq.

– Növbəti ilin İş Planına nələri daxil edəcəyinizi əvvəldən bilmək olarmı?

– Növbəti ilin İş Planının tam formalaşdırılması mərhələsindəyik. Auditorlar
tərəfindən qanunun tələblərinə uyğun planlaşdırma işləri yekunlaşır. 2024-cü
ilin İş Planının təsdiqi ənənəvi olaraq Hesablama Palatasının fəaliyyətə
başladığı tarixin ildönümü ərəfəsində olması gözlənilir.

Növbəti ilin ilk ayının 16-dan sonra ilk nəzarət tədbirinin başlanılmasını
planlamışıq. 2024-cü ilin İş Planında işğaldan azad olmuş sahələrə ayrılmış
vəsaitlərin istifadəsinə dair, büdcədənkənar fondların gəlir və xərc
smetalarının düzgünlüyünə dair uyğunluq, konsolidə edilmiş maliyyə
hesabatlarının maliyyə auditi sayının artırılmasını nəzərdə tuturuq.

Həmçinin, cəmiyyət və parlamentdə qaldırılan mövzulara dair və dövlət
proqramlarının icrasına dair səmərəlilik auditləri də İş Planına daxil
ediləcək. Milli Məclisdən də İş Planına təkliflərin gəlməsi gözlənilir.

– 2024-cü ilin Milli Məclisdə Büdcə müzakirələri zamanı “Hesablama Palatası
haqqında” Qanuna əlavə dəyişikliklər təqdim etdiyinizi bildirdiniz. Bu
dəyişikliklər Hesablama Palatasının hansı fəaliyyətini əhatə edir?

– İlk olaraq bildirim ki, ali audit orqanı fəaliyyət göstərdiyi mühitdə baş
verən çağırışlara daim adekvat reaksiya verməlidir. Bu reaksiyanın verilməsi
bəzi hallarda qanunvericilik bazasında yenilikləri də tələb edir. Bu baxımdan
2023-cü ildə tərəfimizdən “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik
layihəsi hazırlanıb. Təkliflərimizi mahiyyət etibarı ilə 2 istiqamətdə
qruplaşdıra bilərik:

1. Dövlət maliyyəsinin idarəedilməsinə nəzarətin təkmilləşdirilmələr üzrə
təkliflər;

2. Uyğunlaşdırma və redaktə xarakterli təkliflər.

Əhəmiyyətli hesab edilə biləcək dəyişikliklər arasında büdcə sisteminin vacib
komponenti olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin auditi və bu büdcəyə
rəy verilməsi məsələlərinin dəqiqləşdirilməsini, dövlət vəsaitindən istifadə
edən nəzarət obyektlərinin siyahısının genişləndirilməsini, məsələn, icmal
büdcənin tərkib elementi olmayan məqsədli dövlət fondlarının, siyasi
partiyaların audit edilməsi ilə əlaqədar mandatımızın yaranması ilə bağlı
təklifləri xüsusi qeyd edə bilərəm.

Source link