Dövlət Xidmətindən saxta “WhatsApp” tətbiqləri ilə bağlı növbəti XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter
İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı
təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.
Bu barədə qurumdan bildirilib.
“Belə ki, saxta “Pink “WhatsApp”, “WhatsApp+” kimi rəsmi vendor tərəfindən
təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün
bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur.
Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş
mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar
təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların
məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil
telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi
istifadə edilmək məqsədi ilə yaradılır.
Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə
Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi
xəbərdarlığa baxmayaraq saxta “Whatsapp” tətbiqlərinin istifadəsi vətəndaşlar
arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının oktyabr
2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə
ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “WhatsApp”
tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması
vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin
genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir”, – deyə açıqlamada
qeyd olunub.