170b4905-d57e-48ce-90d2-0d1efe4ced2a.jpg

DSX COP29-a necə hazırlaşıb? – MEDİATUR

Baxış sayı: 197 dəfə baxılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında media
nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.

Cixisyolu.com xəbər verir ki, mediatur DSX-nin tabeliyində olan beş komandanlığın
tarixi və gördüyü işlər barədə məlumatı ictimaiyyətə çatdırmaq, fəaliyyətinin
müxtəlif aspektlərini jurnalistlərlə bölüşmək məqsədilə keçirilib.

Mediatur ərəfəsində Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant
Elşən Verdiyev komandanlığın tarixi və gördüyü işlər barədə məlumatları
jurnalistlərlə bölüşüb.

O bildirib ki, vətəndaş məmnuniyyətinin təmin edilməsi və problemlərin
vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində yaradılmış “qaynar
xətt”ə indiyədək 100 000-dən çox müraciət daxil olub, bu müraciətlər operativ
şəkildə cavablandırılıb.

Rəisin çıxışından sonra Dövlət Sərhəd Xidmətinin tarixi, gördüyü işlər və əldə
etdiyi nailiyyətləri özündə əks etdirən videoçarx təqdim olunub.

Mediatur çərçivəsində media nümayəndələri və hərbi ekspertlər Sərhəd Nəzarəti
Komandanlığının sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim
qurğusu, səyyar radiasiya aşkarlama avadanlığı, Sərhəd Nəzarətinin
videomüşahidə və “qaynar xətt” mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara
cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları,
konfrans və idman zalları, yeməkxana, Sərhəd Nəzarətinin Heydər Əliyev
Beynəlxalq Aeroportundakı əməkdaşlarının iş fəaliyyəti ilə tanış olublar.

Daha sonra komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində narkotik
vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış
xidməti itlər barədə məlumat verib.

Sərhəd Xidməti hərbçisi tərəfindən “Çaki” ləqəbli itin narkotik vasitəni
axtarıb tapma prosesi əyani nümayiş olunub.

Mayor Nicat Cahidzadə isə Sərhəd Nəzarətinin Komandanlığının COP29 beynəlxalq
konfransına hazırlığı və görülən işlər barədə məlumatı jurnalistlərlə bölüşüb:

“Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa
zamanda sənədləri yoxlayaraq, rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi
vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində
bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər”.

Daha sonra media nümayəndələri və mediatur iştirakçıları Heydər Əliyev
Beynəlxalq Aeroportunda vətəndaşların qəbulu prosesi ilə tanış olub, Sərhəd
Nəzarəti Komandanlığının gördüyü işlər barədə məlumat alıb, əməkdaşların iş
prosesini izləyiblər.

Sonda xatirə fotosu çəkdirilib.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Source link