1f464ccc-f23c-4715-aace-96332d302627..jpg

DSX-nin Akademiyasında kursantların bir günü – FOTO/VİDEO

Baxış sayı: 800 dəfə baxılıb.

DSX-nin Akademiyasında kursantların bir günü – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən sərhəddən başlayır. Vətən torpağının hüdudları keşiyində ayıq-sayıq
dayanan sərhədçilər Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gələcəyin
peşəkar, savadlı zabitləri kimi yetişirlər.

Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan
Akademiya 2010-cu ildən fəaliyyət göstərir. Burada bakalavriat, magistratura və
adyunktura (doktoranturaya bərabər tutulan yüksəkixtisaslı elmi-pedaqoji
kadrların hazırlanması) təhsil pillələrində kadrlar hazırlanır.

2008-ci il noyabrın 27-də Akademiyanın yeni səhra təlim-tədris mərkəzi
istifadəyə verilib. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə
işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün
hər bir şərait yaradılıb.

2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubileyi
kimi əlamətdar olub. Sərhədçilər bu əlamətdar ili xidmətdə qazanılmış
uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılayıb və ölkəmizin sərhəd
mühafizəsi tarixində xüsusi izlər qoyub.

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki oğlanlar üçün açıq tipli
xüsusi məktəb Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris
bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi
məktəbi statusunun verilməsi, onun tərkibində dəniz və aviasiya kafedralarının
fəaliyyətə başlaması, ilk dəfə həmin ixtisaslar üzrə qəbulun keçirilməsi
2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.

Qeyd etmək yerinə düşər ki, akademiyanın kursantları müxtəlif idman
yarışlarında, elmi, bilik müsabiqələrində yüksək nailiyyətlər əldə ediblər.

AZƏRTAC DSX-nin Akademiyasından hazırladığı məxsusi reportajı təqdim edir:

Vətən sərhəddən başlayır

DSX-nin Akademiyasının rəisi general-mayor Azər İbrahimov hərbi təhsil
müəssisəsinin fəaliyyətindən söhbət açaraq bildirib ki, akademiyada təhsil
kredit qaydasında Bolonya sisteminə uyğun həyata keçirilir. Akademiyada
təhsilin üstünlüyü ondan ibarətdir ki, burada müəllimlərin əksəriyyəti DSX-nin
hərbi qulluqçularıdır. Onların arasında təqaüdə çıxan zabitlər, peşəkar
professor-müəllim heyəti var və təcrübələrini gələcək zabitlərlə, kursantlarla
bölüşürlər. “Biz ilk növbədə mərd, cəsarətli, vətənpərvər zabitlər
yetişdiririk. Çünki Vətən sərhəddən başlayır və sərhəddə xidmət edən hər bir
zabit bütün bu xüsusiyyətlərə malik olmalıdır. Akademiya yaranan gündən bizim
təxminən iki minə yaxın məzunumuz olub. Onlardan 23-ü qırmızı diploma layiq
görülüb. Bu ilin buraxılış mərasimində isə dörd kursanta qırmızı diplom təqdim
edilib”, – deyə akademiyanın rəisi qeyd edib.

DSX-nin mənsubu, magistr tələbəsi polkovnik-leytenant Şahin Hüseynquliyev hərb
sənətinə olan sevgisindən danışıb:

“Bu sənətə olan marağım 2006-cı ildə Heydər Əliyev adına hərbi liseyə daxil
olmağıma səbəb oldu. 2009-cu ildə həmin liseyi qırmızı attestatla bitirdim və
elə həmin il DSX-nin Akademiyasının birinci kurs bakalavr pilləsinə qəbul
oldum. 2013-cü ildə akademiyanın bakalavr pilləsini qırmızı diplomla bitirərək
“N” saylı hərbi hissədə xidmətimi davam etdirmək üçün təyinat aldım. Vətən
müharibəsi başladığı 2020-ci il sentyabrın 27-dən öz heyətimlə birlikdə DSX-nin
sıralarında Daşkəsən, Cəbrayıl, Füzuli istiqamətində əməliyyatlara cəlb
olundum. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak
etdim. 2022-ci ildən akademiyada magistratura pilləsində təhsil alıram”.

Kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün möhkəm elmi
tədris bazası yaradılıb

Bu akademiya dövlət sərhədlərimizin etibarlı, dayanıqlı mühafizə olunması üçün
ulu öndər Heydər Əliyevin ideyalarına sadiq sərhədçi zabitlərin formalaşmasında
əsas ali hərbi təhsil ocağıdır. Akademiyada təhsilin yüksək səviyyədə
aparılması, kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün
güclü elmi tədris bazası yaradılıb, sinif və tədris otaqları lazımi
avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, kursantların fiziki hazırlığının
möhkəmləndirilməsi üçün həm açıq, həm də qapalı şəraitdə trenajor və idman
zalları mövcuddur.

Kursant Xalid Hacıyev bildirib ki, 2014-cü ildə Heydər Əliyev Fondu nəzdində
fəaliyyət göstərən DSX-nin xüsusi məktəbinə daxil olub. Yeddiillik orta təhsil
müddətini bitirdikdən sonra – 2021-ci ildən DSX-nin Akademiyasında təhsilini
davam etdirib. Kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri,
bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada hər cür
şərait yaradılıb. Peşəkar kadrlar hazırlanan akademiyada hərbi və dil bilikləri
ilə yanaşı, etika-estetika dərsləri də tədris olunur ki, bu da gələcəyin
zabitlərini savadlı hərbçi kimi yetişməsində xüsusi rol oynayır. İdman
sağlamlıqdır. Akademiyada bu yöndə fəaliyyət göstərən idman zalında da
kursantlar güləş, boks və digər idman növləri ilə məşğul olurlar.

Akademiyanın kursantları müxtəlif idman yarışlarında, elmi, bilik
müsabiqələrində iştirak edərək onun adını layiqincə təmsil edir və yüksək
nailiyyətlər qazanırlar. “Belə ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan
edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiqlənmiş Heydər Əliyev təqaüdünün kursantlara, daha doğrusu, ölkənin
müxtəlif ali təhsil ocaqlarından seçilmiş 100 tələbəyə verilməsi mərasimində
Akademiya iki kursantla təmsil olunub. Mənim üçün çox qürurverici haldır ki,
həmin kursantlardan biri də mənəm”, – deyə Xalid Hacıyev vurğulayıb.

Heydər Əliyevin 100 illiyi ilə bağlı təqaüdə layiq görülən DSX-nin
Akademiyasının digər kursantı Oqtay Rəfizadə qeyd edib ki, 2013-cü ildə DSX-nin
xüsusi məktəbinə daxil olub. “Yeddiillik təhsili başa vurduqdan sonra 2020-ci
ildə akademiyada təhsilimə başlamışam. Kursantların burada yüksək səviyyədə
təhsil alması və peşəkar zabit kimi formalaşması üçün lazımi şərait yaradılıb.
Hazırda dördüncü kursda təhsil alıram. Mayda zabit sıralarına daxil olacağam və
buna görə də çox qürur duyuram”.

Hazırda DSX-nin Akademiyasında xarici ölkə vətəndaşları olan kursantlar da
təhsil alırlar

DSX-nin Akademiyasında altı ildir ki, xarici kursantlar da təhsil alır. Bu
tələbələrə ilk növbədə ana dilimiz – Azərbaycan dili tədris olunur.

Akademiyanın rəisi general-mayor Azər İbrahimov bununla bağlı bildirib ki,
dövlətlərarası sazişə əsasən, hazırda akademiyada Tacikistan vətəndaşları olan
kursantlar da təhsil alırlar. Onlardan altısı 2023-cü ilin buraxılış
mərasimində leytenant rütbəsi alıb və xidmətlərini Tacikistanda davam
etdirirlər. Ümumiyyətlə, hazırda 18 əcnəbi vətəndaş burada təhsilini davam
etdirir.

Tacikistan vətəndaşı, kursant Hakimsah Miraliyev 2019-cu ildən Azərbaycanın
DSX Akademiyasında təhsil aldığını söyləyib. “Buranın müəllimləri bizə çox
yüksək səviyyədə dərs keçirlər. Onlara minnətdarlığımı bildirirəm. Biz əslində
DSX-nin Akademiyasında beş il təhsil alırıq. Birinci il sırf Azərbaycan dili
tədris olunur. İndi dördüncü kursda təhsil alıram. Qiymətlərim də çox yaxşıdır”.

Sonda onu da bildirək ki, sərhədçi olmaq arzusunda olan gənclər isə 2024-cü il
aprelin 30-dək lazımi sənədlərini Akademiyaya təqdim edə bilərlər.


Source link