DSX-nin hərbçilərini öldürən şəxs TUTULDU – RƏSMİ
Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti
silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları
baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar
oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra
silahını ataraq hadisə yerindən qaçıb.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə saat 00:30
radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli
şəxs qismində saxlanılıb.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə
götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq
idarəsinə həvalə edilib.
Hazırda hadisənin təfərrüatının müəyyən edilməsi istiqamətində intensiv
istintaq hərəkətləri davam etdirilir.
İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.