DSX-nin hərbi qulluqçusu xidmət yoldaşlarını öldürüb – RƏSMİ
Bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç nəfər hərbi
qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Cixisyolu.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət
Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o
cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz
xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi
qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir
Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən
öldürmüş, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanıb. İstintaqın gedişatı barədə əlavə məlumat
veriləcək.