fb7bc7b6-a64f-46d5-8c5d-3134b43513e5..jpg

DTX-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdəki ordu ilə bağlı çağırışları nəzarətə götürmüşük

Baxış sayı: 534 dəfə baxılıb.

DTX-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdəki ordu ilə bağlı çağırışları nəzarətə
götürmüşük

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı
videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət
orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri,
onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı,
silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr
vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və
analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri
tədbirlərin görülməsi təmin ediləcək.

Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi
ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri
təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq
qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə
çağırırıq.

Eyni zamanda, vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol
verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət
əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və
müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur”.

Source link