“DTX fransız kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və
Gürcüstandakı qollarını kəsdi” – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) fransız kəşfiyyatının təkcə
Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi, müxtəlif
planların qarşısını aldı”.
Bu barədə “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz
Əlibəyli deyib.
Ekspertin sözlərinə görə, Fransanın Qafqazdakı maraqları üçün qurban gedən
dövlət var:
“Bu, Ermənistandır. Son baş verən proseslər rəsmi İrəvanı da dilemma
qarşısında qoyur. Onu da deyim ki, hazırda dünyada qlobal miqyasda kəşfiyyat
müharibəsi gedir. Qafqaz xüsusilə Ermənistanın timsalında bu savaşın mərkəzinə
çevrilib. Azərbaycan dövləti fransız rezidentləri ifşa edərkən prosesin digər
detalları da açıqlandı. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) fransız
kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı
qollarını kəsdi, müxtəlif planların qarşısını aldı. Biz dünyanın ilk beşliyində
olan ölkəsinə qarşı bunu bacardıq. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının
peşəkarlığının, proseslərdəki həlledici rolunun göstəricisidir”.
O bildirib ki, bu, E.Makronun prezidentliyi dövründə Fransa xarici
kəşfiyyatının müxtəlif savaşlarda uduzması ilə müşayiət olunur:
“Parisin Afrikadakı, Keniyadakı itkiləri buna misaldır. Fransa digər
regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəyir. Fransanın
Qafqazdakı maraqları onun xarici kəşfiyyat konsepsiyasının bir neçə mühüm
elementi üzərində qurulub: risklərə qarşı adekvat davranmaq, özünün iqtisadi və
digər maraqlarını təmin etmək və s. Onu da deyim ki, hazırda Fransa Prezidenti
Emmanuel Makronla ölkəsinin xarici kəşfiyyat xidmətləri arasında ziddiyyət var”.
Qeyd edək ki, dekabrın 26-da Azərbaycan XİN Fransa səfirliyinin iki
əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr
haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən
fəaliyyətlərinə görə “persona non grata” (arzuolunmaz şəxs) elan olunduğunu
elan edib.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub
və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.