Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə
ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları
izah edilib.
İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik
edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən
iş məhkəmə baxışına təyin edilib.
38 yaşlı Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə
Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan
Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi
məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə
düşüb.
O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin
zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə
təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində həmçinin
özünün “Facebook” sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar
edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik
yaratmağa yönələn hərəkətlər törədib.
E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini
yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin
fotolarını və digər məlumatları göndərib.
DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.2-ci (dövlət
əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin
salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət
əməllərinin törədilməsində təqsirləndirilir.