DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq
təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial
sığorta haqqı və gəlir vergisindən azad edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində əksini tapıb.
Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219
nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda
nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin)
norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin
(dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir
vergisindən azad edilməsini nəzərdə tutur.
Layihə qəbul edildiyi təqdirdə, DTX-nin xarici dövlətlərdə və beynəlxalq
təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi
məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.