Dubayda “Xəzər həftəsi – 2023” forumu başa çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi-2023” illik forumu başa
çatıb.
Cixisyolu.com-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və “İnteqral”
şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi tədbir Qlobal
Yükdaşımaları Sammiti (Global Freight Summit) çərçivəsində baş tutub.
Forumun ilk günündə Böyük Xəzər Regionunun (BXR) logistik dəhlizlərinin qlobal
ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində rolunu müzakirə edən
ekspertlərin dəyirmi masası olub.
Dəyirmi masada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməliyyat
direktoru Yevgeni Si, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun (AZPROMO) keçmiş rəhbəri, ekspert Emil Məcidov çıxış ediblər.
E.Məcidov ölkəmizin regionda nəqliyyat və logistika qovşağı kimi mühüm rolunu
vurğulayıb.
“Qlobal ticarət: Dünyanın davamlılığına töhfə” mövzusunda keçirilən plenar
iclasda GCA prezidenti Murat Seitnepesov açılış nitqi ilə çıxış edib. O qeyd
edib ki, BXR qlobal enerji və ərzaq təhlükəsizliyi üçün çox vacibdir.
“Bu tədbir Böyük Xəzər Regionu üçün vacib olan ideyaların müzakirəsi və
layihələrin təqdimatı, xüsusilə inteqrasiya olunmuş ticarət və logistika
intellektual sistemlərinin yaradılması, investisiyaların cəlb edilməsi və
regional inkişaf layihələrinin həyata keçirilməsinə tərəfdaşların dəvət
edilməsi üçün əla platformadır”, – deyə M.Seitnepesov əlavə edib.
Sonra qlobal ticarət və onun qlobal dayanıqlığa verdiyi töhfə, BXR logistika
dəhlizlərinin qlobal ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində rolu,
o cümlədən ticarət və logistika sahəsində rəqəmsallaşma, ağıllı təchizat
zəncirləri və s. mövzularının müzakirəsi üzrə panellər olub.
Tədbirin ikinci günü Özbəkistan, Qazaxıstan, Türkmənistan və Hindistan
nümayəndələrinin çıxış etdiyi “Qadınlar – gələcəyin liderləri” mövzusunda panel
sessiyası ilə başlayıb. Hər bir iştirakçı uğura aparan yol haqqında öz
hekayəsini bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklərdən danışıb.
Daha sonra “İqlim Dəyişikliyi və BXR – Çağırışların İmkanlara Çevrilməsi”,
“Dəyişən Dünyada Gələcək Qlobal Liderlər”, “İnnovativ Maliyyə Ticarət və
Logistika” və bir çox başqa mövzularda panel sessiyaları keçirilib.
Çıxışlar zamanı natiqlər Böyük Xəzər Regionunun ticarət və logistika
potensialını bir daha vurğulayıb, onun istifadəsi və genişləndirilməsi ilə
bağlı təkliflər veriblər. Onlar tədbirin yüksək səviyyədə təşkilini qeyd
ediblər.
Ticarət və Logistikada Süni İntellekt və Maşın Öyrənməsinə dair başqa bir
sessiyada bəyan edilib ki, əksər sənayelər, o cümlədən logistika süni intellekt
kimi yeni texnologiyaların inkişafı ilə dəyişib. Natiqlərdən birinin qeyd
etdiyi kimi, logistika sahəsində süni intellekt böyük məlumatlar bazasının (Big
Data) əsl potensialını ortaya qoyub.
Panel zamanı yaxın gələcəkdə süni intellektin adi işçiləri əvəz edəcəyi və
logistika fəaliyyətinin avtomatlaşdırılacağı barədə fikirlər də səsləndirilib.
Forum çərçivəsində həmçinin BXR-nin nəqliyyat-logistika dəhlizlərinin
rəqəmsallaşdırılması və vahid əlaqələndirilməsi üzrə inteqrasiya olunmuş
layihənin təqdimatı olub. M.Seitnepesovun qeyd etdiyi kimi, bu layihənin
məqsədi regionda mövcud olan bütün dəhlizləri birləşdirmək və inteqrasiya
etməkdir.
Günün sonunda “Xəzər Həftəsi – 2023” forumunun bağlanış mərasimi baş tutub.
Burada GCA prezidenti M.Seitnepesov və İsveçrənin “NeWater” və “SymbioSwiss”
şirkətlərinin İdarə Heyətinin sədri Klod Beqle çıxış ediblər.
“DP World” ilə əməkdaşlığa münasibət bildirən M.Seitnepesov bu əlaqələrin
bundan sonra da inkişaf edəcəyini bildirib.
GCA prezidenti xatırladıb ki, forum COVID-19 pandemiyası ilə əlaqədar üç il
təxirə salınıb.
“Nəhayət, 2023-cü ildə biz yenidən Böyük Xəzər regionu ölkələrini bir araya
gətirdik. Tədbir zamanı bir çox aktual məsələlər müzakirə olundu”, – deyə o
əlavə edib.
Öz növbəsində Klod Beqle “Xəzər həftəsi”nin əhəmiyyətindən danışıb. Onun
sözlərinə görə, tədbir bir çoxları üçün əməkdaşlıq və əlaqələrin qurulması üçün
mühüm platformaya çevrilib.
Qeyd edək ki, forum öz əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk
dəfə olaraq Davosda (İsveçrə) ənənəvi keçirildiyi məkandan kənara çıxıb.
“Xəzər həftəsi – 2023”ün məqsədi Böyük Xəzər Regionu ilə dünya ölkələri
arasında, eləcə də BXR çərçivəsində dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir.
İki gün ərzində iştirakçılar diqqəti logistik dəhlizlərin, ticarət
inteqrasiyası və maliyyə şəbəkələrinin yaxınlaşması məsələlərinə yönəldiblər
ki, onların həlli milli sərhədlərdən kənara çıxan və transsərhəd əməliyyatları
sadələşdirən vahid sistem yaradacaq.
Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor
Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların
nümayəndələri, həmçinin regionun hökumətlərindən, beyin mərkəzlərindən,
akademik və təhsil ocaqlarından, nüfuzlu nümayəndə heyətlərindən ibarət qruplar
iştirak ediblər.
Əlavə etmək istərdik ki, intellektual logistika sahəsində tanınmış dünya
lideri olan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən
“Xəzər Həftəsi – 2023” forumu noyabrın 15-dən 16-dək davam edib.
Rufina Abdullayeva