Dubravka Cedoviç: “Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü
üç dəfə artıra bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra
bilər”.
“Report”un məlumatına görə, bunu Serbiyanın dağ-mədən sənayesi və energetika
naziri Dubravka Cedoviç-Handanoviç Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun
açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Hazırda biz bu qaz kəmərini tam gücü ilə istismar etmək istəyirik. Gələcəkdə
ehtiyac yaranarsa, biz onu 3,2 milyard kubmetrə qədər genişləndirə bilərik. Bu,
demək olar ki, Serbiyanın qaza olan tələbatını tam 100 faiz ödəyəcək. Hazırda
bu kəmər üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2036-cı ilə qədər 400
milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalamışıq. 2037-ci ildən
etibarən tədarük həcmi demək olar ki, üç dəfə arta bilər”, – nazir bildirib.
Onun sözlərinə görə, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması
Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
“Biz evlərimizə və fabriklərimizə daha çox qaz verə biləcəyik. Azərbaycandan
əlavə tədarüklə ölkəmizin bu hissəsində qaz təchizatını genişləndirə biləcəyik.
Bu, enerji sektorunda ikitərəfli strateji əlaqələrimizi daha da
dərinləşdirəcək. Prezidentlərimiz arasındakı gözəl münasibətlər sayəsində
Serbiya əsas qaz tranziti ölkəsi kimi xəritədə öz mövqeyini möhkəmləndirəcək”,
– Dubravka Cedoviç-Handanoviç əlavə edib.