Dünya Azərbaycanlılarının Beynəlxalq Fondundan erməni diaspor təşkilatlarına
MÜRACİƏT
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) erməni diaspor
təşkilatlarına müraciət edib.
Cixisyolu.com həmin müraciəti təqdim edir:
“Otuz ildən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan
arasında hərbi qarşıdurmaya son qoyulub. Hazırda Azərbaycan və Ermənistan
liderlərinin iki ölkə və onların xalqları arasında sülh əldə olunması
istiqamətində səyləri davam edir. Hər iki lider dəfələrlə qarşılıqlı olaraq
ərazi bütövlüyü və suvurenliyin tanınması şərtilə sülh sazişinin imzalanmasının
mümkünlüyünü bildiriblər.
Belə bir şəraitdə iki ölkənin ziyalıları, ictimai təşkilatları və diaspor
qurumları qarşısında liderlərin sülh səylərinə dəstək verilməsi, iki qonşu xalq
arasında inam və etimad körpüsünün yaradılması, xalqların dinc yanaşı
yaşamasının təşviq edilməsi kimi mühüm vəzifələr durur.
Təəssüflər olsun ki, Azərbaycanın öz sərhədləri daxilində Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli
antiterror tədbirlərindən sonra Qarabağ bölgəsindəki terrorçular, məqsədli
şəkildə ora köçürülmüş adamlarla yanaşı, dinc erməni sakinlər də könüllü, yaxud
hansısa qüvvələrin təsiri ilə öz evlərini tərk edərək Ermənistana və üçüncü
ölkələrə köçüblər. Lakin buna baxmayaraq, Azərbaycan Prezidentiİlham Əliyev
dəfələrlə Qarabağ bölgəsində yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları
olduğunu, onların hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası
əsasında lazımınca qorunacağını bəyan edib.
Məhz bu reallıqdan çıxış edərək, sülhü yaxınlaşdırmaq, xalqlar arasında
düşmənçilik əhvali-ruhiyyəsini aradan qaldırmaq üçün iki ölkənin tərəqqipərvər
qüvvələrinin birgə səylərinə ciddi ehtiyac yaranıb.
Sirr deyil ki, bir sıra beynəlxalq güclər tarixən olduğu kimi, yenə də bölgədə
sabitliyin olmasını, iki qonşu xalq arasında münasibətlərin normallaşmasını
istəmirlər. Beynəlxalq güclərin əlində alət olan bəzi qruplaşmalar da
Azərbaycan və erməni xalqları arasında normal münasibətlərin qurulmasına mane
olmağa çalışırlar.
Sıralarında çoxsaylı Azərbaycan diaspor təşkilatlarını birləşdirən DABF hesab
edir ki, hər iki ölkənin diaspor təşkilatları iki xalq arasında düşmənçiliyi
qızışdıran aksiyalardan çəkinməlidirlər. Bu kimi cəhdlər bölgədə formalaşmaqda
olan sülh prosesinə və birgəyaşayışa mane olmaqdan başqa bir şey deyil.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bölgədə ədavət və düşmənçiliyi
qızışdırmamalı, əksinə sülh və dinc birgəyaşayışı təşviq etməlidirlər. Cənubi
Qafqazdan yüzkilometrlərlə uzaqda küçələrə çıxıb qarşıdurmalara çağırış etmək,
diplomatik nümayəndəliklərə basqın təşkil etmək bölgəmiz üçün də yaxşı heç nə
vəd etmir.
Mədəniyyətin beşiyi olan Qarabağ hər zaman etnik rəngarəngliyi ilə zəngin
olub. Bu sabit etnomühiti yenidən formalaşdırmaq, bölgədə davamlı sülhə nail
olmaq üçün həm erməni, həm də Azərbaycan diaspor təşkilatları öz səylərini
əsirgəməməli, münasibətlərin normallaşmasına və reinteqrasiyaya dəstək
verməlidirlər. Yüz kilometrlərlə sərhəddi olan iki dövlətin bir-birinin ərazi
bütövlüyünü tanıyaraq, insanlarının sülh şəraitində yaşamaqdan başqa yolu
yoxdur.
Bu gün Qarabağda davam edən genişmiqyaslı abadlıq və quruculuq işləri
milliyyətindən aslı olmayaraq, bölgədə yaşayacaq bütün insanların sosial rifah
halının daha da yaxşılaşdırılmasına hesablanıb.
Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə
dayanıqlı reinteqrasiyasının təmin edilməsi istiqamətində davamlı iş aparır. Bu
məqsədlə yaradılan İşçi Qrupa Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və
infrastruktur məsələlərinin həlli üzrə müvafiq tapşırıqlar verilib. Bu
fəaliyyət çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı
aparılır, ehtiyacları öyrənilir və problemləri həll olunur.
DABF ümid edir ki, sağlam düşüncəli erməni diaspor təşkilatları Azərbaycana
qarşı qeyri-sağlam mübarizədən əl çəkəcək, Qarabağda yaşayan ermənilərin
Azərbaycan cəmiyyətinə reinteqrasiyasına dəstək göstərəcəklər.
DABF sülh və reinteqrasiyanın təşviqi üçün iki ölkənin diaspor təşkilatlarının
əməkdaşlığını vacib sayır və bu istiqamətdə birgə səylərə dəstək verməyə hazır
olduğunu bildirir”.