Dünya Bankı Azərbaycanda iki dövlət şirkətində qadınların rolunun artırılması
üzrə tövsiyələr hazırlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” QSC-də qadınların rolu ilə bağlı araşdırma apararaq, tövsiyələrini
hazırlayıb.
“Report” xəbər verir ki, bu barədə Bankın Azərbaycan ofisinin proqram
koordinatoru Leyla Tağıyeva deyib.
O bildirib ki, hər iki qurumun bu məsələyə münasibəti müsbətdir və qadınların
iştirakını artırmaq üçün müəyyən işlər görülür: “Biz burada işçi qüvvəsinə,
qadınlarla bağlı insan resurslarının siyasətinə, bir sıra prosedurlara və
qadınların sayına baxdıq. Həmçinin işə qəbul və işdə saxlanma prosedurlarına,
karyeranın inkişafı, liderlik mövzularına nəzər yetirdik. Bu istiqamətdə
təhlillər apardıq”.
L.Tağıyeva qeyd edib ki, təhlillər bir neçə istiqamətdə aparılıb: “İlk olaraq
rəsmi sənədlərə baxıldı, son üç ilin təhlili aparıldı. Qadınların aldığı
əməkhaqqı, onların çalışdığı sahələrdə roluna da diqqət yetirilməlidir.
Ümumiyyətlə, qadınların say baxımından vəziyyətinin yaxşı olduğu deyilən
şirkətlərdə ilk əvvəl onların vəzifə və maaşına baxılmalıdır. Çünki həmin
şirkətlərdə qadınlar təmizləyici və bu tip işlərdə çalışa bilər. Bu zaman sayın
bərabər və ya çox olması o dərəcədə əhəmiyyət kəsb etmir. Bundan əlavə qadınlar
üçün şirkətlər tərəfindən infrastruktur da uyğun olmalıdır”.
“Azərbaycan Dəmir Yolları” və Bakı Limanında qadınlar üçün xüsusi güzəştlərin
tətbiq edildiyini bildirən Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb ki,
burada analar, yeni övladı olmuş valideynlər üçün müəyyən güzəştlər var: “Bakı
Limanında çalışan qadınların sayı son 3 ildə 20 % artıb. Hazırda Bakı Limanında
617 şəxs çalışır və 20 % artımdan qadınların sayı 51-ə çatıb. “Azərbaycan Dəmir
Yolları”nın isə 15 000-ə yaxın əməkdaşı var ki, təbii olaraq qadınların sayı
digərlərinə nisbətdə daha çoxdur. Hazırda hər iki şirkət rəhbər vəzifələrdə və
texniki fəaliyyətlərdə qadınların sayının artırılması ilə bağlı hədəfləri
müəyyən etmək üçün düşünür. Daha bir məsələ isə kommunikasiya strategiyasına
diqqət yetirilməsidir. Həm şirkət daxilində, həm də kənarda dəmir yollarının
obrazı kişilərlə əlaqəli olub. Amma indi fotolarda qadınların da olduğunu
görürük ki, bu da müsbət hal kimi dəyərləndirilir”.
Şirkətlərin qadınlar barədə siyasətinə toxunan L. Tağıyeva deyib: “Qurumların
gender bərabərliyi üzrə rəsmi siyasəti olmalıdır. Bu siyasət şirkətdə
çalışanların məlumatlandırılması üçün çox vacibdir. Şirkətlərdə qadınların
fəaliyyəti ilə bağlı hesabatlılıq olmalıdır. Hazırda bir çox şirkət könüllü
olaraq bu barədə məlumatlar toplayır, lakin bununla bağlı heç bir hesabat
vermirlər. Həmçinin cəmiyyətdə qadınların iş həyatı ilə bağlı təlimlərə çox
ehtiyac var. Qadınların çalışması ilə bağlı stereotiplər var. Bu məsələdə
yalnız şirkət rəhbərinin maarifləndirilməsi kifayət etmir, şirkətdə çalışan hər
kəs bu istiqamətdə məlumatlandırılmalıdır. Məsələn maşinistdən niyə maşinist
qadınların olmadığını soruşanda bu işin çox məsuliyyətli olduğunu deyir. Bizim
cərrah qadınlarımızın olduğunu nəzərə alsaq artıq cəmiyyətdə qadınların
məsuliyyət götürdüyünü görə bilərik”.
Onun fikrincə, ən önəmli məsələlərdən biri isə şirkətlərdə qadınların
qısnamaya məruz qalmasıdır: “Azərbaycanda dövlət şirkətlərində bunlara rast
gəlinməsə də, özəl şirkətlərin az qismində bu cür hallar olur. Bununla bağlı
xüsusi mexanizm yaradılmalıdır. Hazırda heç bir şirkətdə belə bir mexanizm
yoxdur. Bir qadın şirkətdə qısnamaya məruz qalarsa, müraciət edə biləcəyi yer
ya insan resursları bölməsinədir, ya da yoxdur. Ancaq insan resurslarına
müraciət edilməsi də düzgün yanaşma deyil. Qadınlar üçün anonim müraciət edə
biləcəyi, kömək alacağı və şirkətin dəstəyini görə biləcəyi yer, rəsmi bir
siyasət olmalıdır”.
Dünya Bankının nümayəndəsi vurğulayıb ki, gələcəkdə ali təhsil müəssisələrində
və peşə məktəblərində qadınların maarifləndirilməsi, karyerada inkişaf üçün yol
göstərilməsi istiqamətində fəaliyyət göstərmək nəzərdə tutulub.