Dünya çempionumuz və Bakıdakı Qran-Prinin qalibi Daşkənddə yarışa buraxılmadı

Baxış sayı: 1. 826 dəfə baxılıb.

Dünya çempionumuz və Bakıdakı Qran-Prinin qalibi Daşkənddə yarışa buraxılmadı

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Paralimpiya Oyunlarına lisenziya xalları verən paracüdo üzrə Qran-Pri start götürüb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu yarışa millimiz 16 idmançı ilə qatılmağı planlaşdırsa da, bu, son anda baş tutmayıb.

Belə ki, komandamız orda 13 idmançı ilə təmsil olunacaq. Bunlardan altısı kişi, yeddisi isə qadın paracüdoçulardır.

Məsələ burasındadır ki, qadınlarda Dürsədəf Kərimovanın mübarizə apardığı 70 kq-dan artıq çəkidə yetərincə idmançı yarışa qatılmayıb. Bu səbəbdən Dürsədəf yarışa aparılmayıb.

Həmçinin, ötən ilin dünya üçüncüsü, mayda Bakıda keçirilmiş Qran Prinin qalibi Vüqar Şirinli yarışdan kənarlaşdırılıb. Onun görmə qabiliyyətində problem olmadığı tibbi təsnifat zamanı müəyyənləşdirilib. Beləliklə, bu gün start götürmüş 60 kq çəki dərəcəsində mübarizə idmançımız olmadan başlayıb.

Bundan başqa, Paralimpiya mükafatçımız, ikiqat dünya, üçqat Avropa çempionumuz, Bakıdakı Qran Prinin gümüş medalçısı Bayram Mustafayev də eyni aqibətlə üzləşib. Ona görə də 66 kq çəki dərəcəsində bir idmançı – Namiq Abbaslı ilə təmsil olunacağıq.

Qeyd edək ki, kişi millimiz Namiq Abbaslı (-66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq) və komandanın kapitanı İlham Zəkiyevlə (+100 kq) mübarizə aparacaq. Qadın millimiz isə Şahanə Hacıyeva (-48 kq), Səbinə Abdullayeva (-52 kq), Bəsti Səfərova (-52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi -57 kq), Xanım Hüseynova (-63 kq) və Zülfiyyə Hüseynova (-70 kq) ilə təmsil olunur.

Səbuhi Musayev