cd70a989-9d2a-47e3-87b3-a9dce87d0f7a..jpg

Dünya gözəli seçildi, atasını ona görə öldürdülər – Məzarının yeri belə bilinməyən Sona xanım… – FOTO

Baxış sayı: 970 dəfə baxılıb.

Dünya gözəli seçildi, atasını ona görə öldürdülər – Məzarının yeri belə
bilinməyən Sona xanım… – FOTO

Kulis.az 1912-ci ildə Parisdə keçirilən dünya gözəllik yarışmasının qalibi
məşhur Mehmandarovlar nəslinin nümayəndəsi Sona Mehmandarova haqqında maraqlı
faktları təqdim edir.

Məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox
hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs olur. Mirzə Əli bəyin saraydakı
vəzifəsi saraya gələn qonaqları hörmətlə qarşılayıb yola salmaq olub. Bu
səbəbdən ona “Mehmandar” adı verilir. İşinin öhdəsindən yüksək səviyyədə gələn
Mirzə Əli bəy təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin hörmət
etdiyi adama çevrilməyi bacarır. El arasında onun özü və ailəsi Mehmandar,
sonralar isə Mehmandarov soyadı ilə tanınırlar. Mirzə Əli bəyin 3 oğul övladı
olub. Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.

Mirzə Əli bəyin ikinci oğlu Mirzə Sadıq bəy Mehmandarov (1815-1885) Muğanda,
Şamaxıda sahə iclasçısı işləmiş, sonra xidmətini Lənkəran şəhərində davam
etdirmişdi. Və elə bu sayədə də Mehmandarovların bir qolu Lənkəran şəhərindən
boy atıb budaqlanmışdı.

Belə ki, Mirzə Sadıq bəy Şuşada rus-tatar məktəbini bitirdikdən sonra
Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuş və burada Hacı Mir
Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlanan bu tanışlıq
dostluğa, sonradan isə doğma qohumluğa çevrilir. Mirzə Sadıq bəy, Mir Abbas
bəyin dəvəti ilə onun Lənkərandakı mülkünə baş hüquqçu vəzifəsinə işə qəbul
oluur, sonradan Sadıq bəy Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir
Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla evlənir.

Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə,
Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd
bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd
bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılır.

Elə Səməd bəyin qardaşı Nağı bəy də, Avropa təhsili görmüş, çox gənc yaşında
Lənkəran şəhərinin “qradonaçalniki” (şəhər rəisi) vəzifəsinə təyin edilmiş
ziyalılardan idi. Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi
mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib.

Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə “Mənim qızım
savadlı və ağıllı qız olacaq” – deyir və Sonanın təhsil almağını istədiyindən
onu gimnaziyada oxutdurur. Sona xüsusi müəllimlərdən fransız və rus dillərində
mükəmməl səviyyədə dərs alır.

Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının
təhsilinə əhəmiyyət verdiyindən qızına gələn elçiləri rədd edir. Bu cür rədd
cavabı alan elçilərdən biri Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək
dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır.
Qatillər Sibirə sürgün edilir.

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edib Bakıya anasının qohumlarının
yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə gözəllik yarışmasına
qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və
burada “Qafqaz incisi” tituluna layiq görülür. O, Tiflisdən sonra
Sankt-Peterburqa da birinciliyə layiq görülür. Və nəhayət, Sona 1912-ci ilin
sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək,
“Dünya gözəli” titulunun, “Qran-Pri”nin sahibi olur.

Birinci sıradan sağdan dördüncü Sona Mehmandarova

Bu yarışmalardan və dünya gözəli titulunu qazandıqdan sonra onun məşhurluğu
dünyaya yayılır. O, Bakıya qayıtmır və Sankt-Peterburqda yaşamağa başlayır. O,
artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə nüfuzu vardı, kifayət
qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı. Beləliklə, Sona
Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır, şəhərin kübar mühitində özünə
və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə
rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik
müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu
səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının
təkliflərindən boyun qaçırmalı olur. Müsabiqədən bir il sonra o, ailəsi razı
olmasa da, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur.
Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi
gətirmir. Onların övladı olmur. 1917-ci ildə baş verən çevriliş isə ailəni
müflisləşdirir.

Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki
şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi
müflisləşir. Əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası
qurulsa da, Sona yenə Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da
işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən Mehmandarov və
Talışxanovlar təqiblərə məruz qalır.

Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci
illərindən Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın
münasibətdə olduğu, RSFSR-in maarif naziri (1929-cu ilədək) Anatoli
Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”ya düşmüş
Mehmandarovlar soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi. Generalın
həyat yoldaşı vəfat eləmiş, oğlu sürgünə göndərilmişdi. Hətta 30-cu illərin
axırlarında Çəmbərəkənd qəbiristanlığı söküləndə qorxudan Səməd bəy
Mehmandarovun qəbrinin köçürülməsində belə, kimsə iştirak eləməmişdi. Ana
tərəfi – Talışinskilər də eyni acıları yaşayırdılar. Qohumlarının şəhadətinə
görə, həmin illərdə Sona xanım sənədlərini və fotoşəkillərini yandırdığından,
onun həyatının sovet dövrü barədə qəti bir söz söyləmək mümkün deyil.

Bir vaxtlar öz gözəlliyi və nəcibliyilə dünyanı heyran eləmiş Sona xanım
Mehmandarova Bakıya bir də yarım əsrdən sonra 1966-cı ildə – yaşlı, üzgün və
xəstə vəziyyətdə qayıdır. Əlbəttə, illər, xüsusilə də, öz mənşəyinə görə sovet
hakimiyyəti illərində çəkdiyi məşəqqətlər onun misilsiz gözəlliyindən
əsər-əlamət qoymamışdı. Deyilənə görə, Sona xanımın təkcə səsi öz təravətini
saxlayıbmış. Amma o, hələ də kübarlığını unutmamışdı. Hətta günlərin birində
halı pisləşib, qohumları “təcili yardım” çağırıblar. O vəziyyətdə belə, Sona
xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi,
Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə onun
məzarının yerini xatırlamırlar.

Source link