073862ca-53b1-48c8-91bf-531f2a5a4de5.jpg

Dünya Hakimlərinin Baş Assambleyası 2025-ci ildə Azərbaycanda keçiriləcək

Baxış sayı: 193 dəfə baxılıb.

Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Beynəlxalq Hakimlər
Assosiasiyasının 66-cı illik toplantısı keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqından məlumat
verilib.

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin sədri Ramiz Rzayev,
sədr müavini Sənan Hacıyev və üzvü Tahir Kazımovdan ibarət nümayəndə heyəti
iştirak edib.

Konfransda açılış nitqi ilə Cənubi Afrika Respublikasının Ali Məhkəməsinin
sədri Mandisa Muriel Lindelwa Maya, ədliyyə və konstitusional inkişaf naziri
Tembisile Simelane və təşkilatçı dövlətin digər rəsmi şəxsləri çıxış ediblər.

Beynəlxalq Hakimlər Assosiasiyasının sədri Duro Sessa təşkilatın ötənilki
fəaliyyəti barədə, habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin
üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verib. O, bir sıra
ölkələrdə, o cümlədən Ermənistanda məhkəmə sistemində olan mövcud problemlərin
narahatlıq doğurduğunu vurğulayıb. Ətraflı müzakirələrdən sonra təxirəsalınmaz
tədbirlərin görülməsini tələb edən müvafiq qətnamələr qəbul olunub.

Bununla yanaşı, tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri
tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan
islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu
istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin “Süni intellekt və onun məhkəmə fəaliyyətinə
təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib, bu sahədə ixtisaslaşmış
beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Daha sonra Azərbaycan Hakimlər İttifaqının təşkilatın nizamnamə şərtlərinə
uyğun olaraq Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı rəsmi
müraciəti müzakirəyə çıxarılıb. Ermənistan və Fransa nümayəndə heyətlərinin
etirazına baxmayaraq, keçirilən gizli səsvermə nəticəsində səs çoxluğu ilə
2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının Bakı
şəhərində keçirilməsi qərara alınıb.

Toplantıda, həmçinin Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, milli və
mənəvi dəyərlərini, habelə məhkəmə sistemini və bu sahədə həyata keçirilən
islahatları, o cümlədən Azərbaycan Hakimlər İttifaqının fəaliyyətini əks
etdirən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Source link