Sərbəst güləş üzrə millimiz ABŞ-da keçiriləcək Dünya Kubokuna yollanır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov brifinq keçirib.
O bildirib ki, rəqiblərimiz dəyişib:
“Dünya Kubokunu üçüncü dəfə Bakıya gətirmək istəyirik. Ora iddialı yollanırıq. Rəqiblərimizdən ikisinin dəyişdiyini bilirsiniz. Rusiyaya viza verilməyib. İranda federasiya prezidenti dəyişdiyi üçün turnirə qatılmayıb. Qrupumuzda Rusiyanın yerinə ya Hindistan, ya da Monqolustan mübarizə aparacaq.
Qazaxıstan, Kuba kimi yığmalar yetərincə güclü komandalardır. Zəif rəqib yoxdur. Saymazlıq üzündən məğlubiyyətlə üzləşə bilərsən. Dünya Kubokunda nəticə verməliyik. 2016-cı il Dünya Kubokunda olduğumuz vaxt aprel döyüşləri baş verdi. Bütün qələbələrimizi şəhidlərimizə, veteranlarımıza, qazilərimizə həsr etmək üçün vuruşacağıq. Ən pis halda ilk 3-lükdə yer tutub, okeanın o tayında bayrağımızı qaldıraraq, uğurlu nəticə ilə Vətənə qayıtmalıyıq”.
O həmçinin bildirib ki, cəzası bu ay başa çatacaq Toğrul Əsgərov Avropa çempionatında iştirak edə bilər. Ancaq bunun üçün o, hazır formada olmalıdır.
Qeyd edək ki, ABŞ-a 13 güləşçi aparılacaq. Bunlardan 10-u əsas, üçü ehtiyat heyət üzvüdür.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com