Dünya ölkələrinin dövlət borcu bu ilin sonuna 71,3 trilyon dollar təşkil edəcək. Nəzərə alsaq ki, qlobal ümumi daxili məhsul 86 trilyon 802,1 milyard dollardır, beləliklə, dövlətlərin borcu ilin sonuna ÜDM-nin 82,2 faizinə bərabər olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, iqtisadi böhrandan sonra dövlətlərin borcu 30,7 trilyon dollar artıb.
Bildirilir ki, qlobal borcun 84 faizi 11 ölkənin payına düşür. BVF-nin 181 ölkədə apardığı araşdırmalara görə, 2018-ci ilin sonuna 11 ölkənin dövlət borcu 1 trilyon dollar da artacaq:
“Siyahının başında 22,1 trilyon dollar borcla ABŞ gəlir. İkinci sırada 12,2 trilyon dollar borcla Yaponiya, üçüncü sırada 7,2 trilyon dollar borcla Çin qərarlaşıb.
İtaliya və Fransa dövlətlərinin 2,8 trilyon, Almaniyanın 2,5 trilyon borcu var. Bu rəqəm Brazilya üzrə 1,9, Kanada üzrə 1,6, İspaniya üzrə 1,5 trilyon dollar təşkil edir.
Məlum olub ki, 18 ölkənin dövlət borcu ÜDM-dən yüksəkdir. BVF-nin 2018-ci ilin sonuna olan proqnozuna əsasən, siyahıya Yaponiya liderlik edəcək.
Bu ölkənin borcunun ÜDM-ə nisbəti 236 faiz təşkil edir. İkinci sırada 191,3 faizlə Yunanıstan, üçüncü sırada 176,5 faizlə Sudan yer alır.