“Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi,
fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və
hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və
mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara
uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi
kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata
keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub”.
“Report” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda dünya
prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar
Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı
deyib.
O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi tarixi
əhəmiyyətlidir.
K.Əliyev söyləyib ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və
etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf
mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin
təqdir olunmasının bariz nümunəsidir.
Həmçinin, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər
Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə
noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının
səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağı qeyd
edilib.