“Dünya türkün olacaq” deyən Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Zəlimxan Yaqubun doğum günüdür.
Cixisyolu.com xəbər verir ki, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də
Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Azərbaycan Dövlət
Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı
kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan
Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri,
1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində
redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti
“Qələbə bayrağı”nda dərc edilib.
“Məmməd Araz ədəbi mükafatı” (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi
qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə “H.Z.Tağıyev adına
mükafat”la (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni
ilə təltif olunub.
1983-cü ildən AYB-nin üzvü olub.
2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında
Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının
üzvü olub.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin
Akademiyanın fəxri doktoru seçilib.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı
mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında
fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası Xalq şairini Fəxri diplom
və medalla təltif edib.
O, 2016-cı ilin yanvarın 9-da vəfat edib.