9a638a4d-06d3-47c0-bce8-2121bb1717ea.webp

Dünyada ilk “çətir universitet”: Türkiyə-Azərbaycan ali təhsil ocağından REPORTAJ

Baxış sayı: 28 dəfə baxılıb.

Türkiyə-Azərbaycan Universitetində (TAU) tədrisin ikinci həftəsi sona çatır.
84 tələbənin təhsil aldığı TAU bu gün həm Azərbaycanın, həm də türk
dövlətlərinin diqqət mərkəzindədir.

Modern.az Türkiyə-Azərbaycan Universitetinin qonağı olub.

Universitet qısa müddətdə fəaliyyətə başlasa da, bütün yeni texnologiyalar və
laboratoriyalarla tam təmin edilib. Ali təhsil ocağında tədris otaqları ilə
yanaşı, tələbələrin asudə vaxtlarını keçirməsi üçün xüsusi yerlər ayrılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə fəaliyyət göstərən
universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki
Universiteti və Hacettepe Universitetindən dəvət olunub.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, Türkiyə-Azərbaycan
Universitetində kompüter mühəndisliyi, qida mühəndisliyi və sənaye mühəndisliyi
ixtisasları üzrə 84 tələbə təhsil alır. Kompüter mühəndisliyi ixtisasında Orta
Doğu Texniki Universiteti (ODTÜ), qida mühəndisliyi ixtisasında Hacettepe
Universiteti, sənaye mühəndisliyi ixtisasında isə İstanbul Texniki
Universitetinin proqramı əsasında tədris aparılır.

“Türkiyə-Azərbaycan Universiteti dünyada ilk “çətir universitet” modelidir.
Yəni ali təhsil müəssisəsi ölkəmizdən Azərbaycan Texniki Universitetinin,
qardaş ölkədən isə İstanbul Texniki Universitetinin, Orta Doğu Texniki
Universitetinin və Hacettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyət
göstərir”.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi
2023-cü ilin iyununda Azərbaycan Prezidentiİlham Əliyevlə Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanıb. Türkiyə-Azərbaycan
Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə
Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında
imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Sevinc İsgəndərovanın sözlərinə görə, hazırda TAU-da Türkiyədən gələn
müəllimlər tədrisə cəlb ediliblər.

“Türkiyəli müəllimlər tərəfdaş universitetlər tərəfindən xüsusi olaraq
yönləndirilib. Bu gün TAU-da dərs deyən müəllimlər illərdir həmin tərəfdaş
universitetlərdə fəaliyyət göstərən müəllimlərdir”.

TAU-da idarəetmə sistemi bölümlər və bölüm rəhbərləri əsasında qurulub. Hər
bölüm rəhbəri yalnız öz bölümünə rəhbərlik edir. Qəbul prosesi isə Azərbaycanın
qəbul sistemi əsasında, yəni Dövlət İmtahan Mərkəzinin imtahanı vasitəsilə
həyata keçirilir.

Universitetin qida mühəndisliyi bölməsinin rəhbəri Ümran Uygunun sözlərinə
görə, qida mühəndisliyi ixtisası Hacettepe Universitetinin proqramı əsasında
tədris edilir:

“Bizim bölümdə ilk tədris ilində 27 tələbə qəbul edilib. Hazırda onlarla
birlikdə tədris proqramımız başlayıb. Türkiyədə bu ixtisasın tarixi 40 il
əvvələ gedib çıxır. İlk vaxtlar Türkiyədə də çox populyar deyildi, lakin bu gün
geniş yayılan ixtisaslardan biridir. Burada da eyni tendensiyanı müşahidə
edirik. Qida mühəndisliyi ixtisası bəzi ali təhsil müəssisələrində mövcud olsa
da, çox tanınmır. Düşünürəm ki, zamanla Azərbaycanda da bu ixtisasın geniş
yayılmasına nail olacağıq. Bir neçə universitetdə bu sahə ilə əlaqəli
ixtisaslar olsa da, TAU kimi laboratoriya və geniş infrastruktura malik təhsil
müəssisəsi yoxdur. Mən inanıram ki, TAU bu ixtisas vasitəsilə Azərbaycandakı
qida sənayesində böyük bir boşluğu dolduracaq”.

“Azərbaycan öz mütəxəssislərini yetişdirəcək”.

O bildirib ki, Azərbaycan qida sənayesi sahəsində Türkiyədən dəstək alır,
lakin bundan sonra belə bir dəstəyə ehtiyac qalmadan öz mütəxəssisləri
vasitəsilə mövcud problemləri aradan qaldıra biləcək: “Biz burada 4 il ərzində
kadrlar hazırlayacağıq. Gələcək illərdə Türkiyədə magistr və doktorantura
təhsili alan tələbələri də işçi kimi qəbul edəcəyik. Bu sahədə mövcud problemi
yalnız Türkiyədən müəllim gətirərək həll etmək mümkün deyil, bu sadəcə
müvəqqəti bir həll yoludur. Biz burada Azərbaycanın öz müəllimlərini
yetişdirəcəyik. Lakin bunun 4-5 il ərzində baş verəcəyini düşünmürəm, bu
uzunmüddətli bir proses olacaq”.

Universitet Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşir.
Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcə ayrılıb.

TAU-nun qida mühəndisliyi ixtisasının tələbəsi Tofiq Zeynalov bildirib ki,
burada yaradılan şərait gözlədiyindən daha yaxşıdır: “İkinci həftə ərzində
ingilis dilində böyük irəliləyiş hiss edirəm. Hazırda yalnız hazırlıq
mərhələsindəyik və bu səbəbdən yalnız ingilis dili keçirik. Türkiyəli
müəllimlərlə də yalnız ingiliscə danışdığımız üçün heç bir çətinlik yaşamırıq”.

“Bu gün burada olmaqdan çox xoşbəxtəm. Müəllimlərimiz çox yaxşı və
səmimidirlər. Bu da bizim təhsil almağımıza müsbət təsir edir. Hər birimiz
dərslərə həvəslə gəlirik” , – ixtisasın digər tələbəsi Ayan Əhmədli bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı
sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin
keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil
aparmaq və ödənişli əsaslarla da tələbə qəbul etmək hüququ verilib.

“Tələbələr olduqca istəkli və həyəcanlıdırlar”.

Kompüter mühəndisliyi ixtisasında dərs deyən Metin Özdemir deyir ki, tədrisin
yeni başlamasına baxmayaraq, tələbələr çox istəkli və həyəcanlıdırlar:

“Bütün müəllimlərimiz tələbələrin olduqca bacarıqlı olduğunu vurğulayır. Bizim
gəldiyimiz Orta Doğu Texniki Universitetinin tələbələri Türkiyənin ən bacarıqlı
tələbələri sırasındadır. TAU-nun tələbələrinin də yüksək potensiala malik
olduğunu görürük. Hər iki ölkənin tələbələri bir-birinə çox bənzəyir. Burada
məqsəd ilk ildə tələbələrin ingilis dilini uğurla mənimsəməsidir. Bu şəkildə
tələbələr bölümlərinə keçdikdə rahatlıqla mənbələri əldə edib öyrənə
biləcəklər. Tələbələrimizin məzun olduqdan sonra uğurlu kadrlar olmasını
hədəfləyirik. İmtahanlarımız ODTÜ proqramı əsasında olduğu üçün, imtahanlarımız
da həmin proqram çərçivəsində keçirilir. İmtahanlar yeni başlayıb, kiçik və
böyük imtahanlar proqram çərçivəsində keçirilir. Bu imtahanların nəticəsində
tələbələrin ümumi profili haqqında təsəvvür formalaşacaq”.

Source link