68693f71-1f47-4d0a-8edf-c72bb9b535e5..jpg

Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı: “Buran”ı partlatmaq istədilər” – MÜSAHİBƏ

Baxış sayı: 616 dəfə baxılıb.

Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı: “Buran”ı
partlatmaq istədilər” – MÜSAHİBƏ

Son dövrlərdə Azərbaycanda kosmik sahəyə xüsusi diqqət ayrılır. Bu sahə üzrə
müxtəlif layihələr həyata keçirilir, ölkəmizin peykləri orbitə çıxarılır. 74-cü
Beynəlxalq Astronavtika Konqresinin yarım əsrdən sonra yenidən Azərbaycanda
keçirilməsi də bu sahəyə göstərilən qayğının nümunəsidir. Belə mötəbər tədbirin
Azərbaycanda ilk dəfə 50 il əvvəl keçirilməsi də təsadüfi deyildi. Ulu öndər
Heydər Əliyev milli kosmik sənayenin yaranması istiqamətində mühüm addımlar
atmış, hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil
Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasında
müstəsna rol oynamışdı.

Məhz ulu öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli
simalarının iştirakı ilə yarım əsr əvvəl, 1973-cü ilin oktyabrında Bakıda 24-cü
Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir.
“Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən bu
konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Həmin dövrlərdə
kosmik sahə üzrə ixtisaslı kadrların hazırlanması da daim diqqətdə saxlanılıb,
istedadlı gənclər seçilərək Moskvada təhsil almağa göndəriliblər. Bu tələbələr
sırasında gənc azərbaycanlı Füzuli Fərəcov da olub.

Həmin gənc hazırda Azərbaycanın texnika elmləri namizədi, “Texno‑Svar TMZ”
ASC‑nin baş direktoru, “Buran” kosmik gəmisinin füzelyajının yığımında yaxından
iştirak edən adam, İctimai Elmlər Akademiyasının həqiqi üzvüdür. Füzuli Fərəcov
“Report”a müsahibəsində həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüb,
Azərbaycanın son dövrlərdə kosmik sahədə nailiyyətlərinə toxunub.

– Kosmik sahəyə marağınız necə yarandı? Necə oldu ki, bu sahə üzrə fəaliyyət
göstərməyə qərar verdiniz?

– Bakıda fizika-riyaziyyat təmayüllü məktəbi bitirmişəm. Dəqiq elmlər
sahəsinə, xüsusilə də fizikaya olan marağım diqqətimi kosmik sahəyə yönəltdi.
Ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırırdı və Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə gənclər seçilərək
Moskvaya təhsil üçün göndərilirdilər. Mən də həmin gənclərdən biri kimi,
1976-cı ildə Moskva Aviasiya İnstitutuna qəbul olundum.

1980-ci illərdə Nazirlər Kabinetinin yeni layihələr üzrə qərarları var idi.
Tale elə gətirdi ki, Tuşino Maşınqayırma Zavodunda “Buran” kosmik gəmisinin
yığılması müəssisəsində işə başladım. Həmin zavodda çalışmağımın səbəbi də məhz
Moskva Aviasiya İnstitutunda oxuyarkən seçdiyim sahə idi. Kosmik sistemlər,
kosmik sahə üzrə də fəaliyyətimi davam etdirdim.

– Rus dilini bilməməyiniz o zamanlar təhsilinizə gec başlamağınıza səbəb olub.
Rus dilini öyrənməkdə çətinlik çəkdinizmi? Əgər kosmik sahədə fəaliyyət
göstərməsəydiniz, təhsil aldığınız üzümçülük və şərabçılıq üzrə
aqronom-texnoloq ixtisası istiqamətində çalışardınızmı?

– O vaxt Bakıda oxumağa kənddən gəldiyim üçün rus dilinin mənə lazım olacağını
bilmirdim. Məktəbi bitirdikdən sonra astrofizika fakültəsi üzrə oxumaq istədim.
İmtahan Azərbaycan dilində olsa da, müəllim mənə rus dilində suallar verdi.
Xatırlayıram ki, bu, fizika fənnindən imtahan idi. Mən rus dilində məsələləri
çox yaxşı həll edə bilirdim, ancaq danışmağı bacarmırdım. İmtahanda fiziki
terminləri rus dilində soruşurdular. Düsturları yazsam da, izahını verə
bilmədim. Sonra müəllim təkrar rus dilində suallar verdi. Mən isə Azərbaycan
dilində cavablandırdım və imtahanın ana dilimizdə olduğunu xatırlatmaq istədim.
O da əvəzində Azərbaycan dilində “Rus dilini bilmirsinizsə, universitetdə necə
oxuyacaqsınız?” deyib mənə “2” qiyməti yazdı.

Buna baxmayaraq, ruhdan düşmədim və məyus olmadım. Qərara gəldim ki,
sənədlərimi Ağsu peşə texnikumuna verim. Əks təqdirdə hərbi xidmətə getməli
olacaqdım ki, bu da kosmik sənaye üzrə oxumaqla bağlı xəyallarımı təxirə
salacaqdı. O zaman belə bir qanun vardı ki, peşə məktəbini qırmızı diplomla
bitirənlər universitetə qəbul zamanı imtiyazdan istifadə etmək hüququ
qazanırdılar. Bu səbəbdən həyatımda üzümçülük və şərabçılıq üzrə
aqronom-texnoloq ixtisasında oxumaq təcrübəsini də yaşadım (gülür). Mənim
həyata baxışım, məqsədim bütün sahələrə eynidir. Düşünürəm ki, bu sahə üzrə də
çalışsaydım, inadkarlığımla müəyyən nəticələr əldə edərdim. Ancaq peşə
texnikumunu bitirəndən sonra imtahanları asanlıqla verdim və Moskvada təhsilə
yollandım. Orada mühit rusdilli olduğu üçün üç-dörd aya bu dili mənimsədim və
Moskva Aviasiya İnstitutunu qırmızı diplomla bitirdim.

– “Buran” kosmik raketi ABŞ-nin “Space Shuttle” gəmisinə cavab olaraq
hazırlanıb. Bu, SSRİ-nin ilk çoxistifadəli kosmik gəmisi idi və siz onu
hazırlayanlardan birisiniz. Bu işi sizə tapşıranda nə düşündünüz? Bacarmamaq
hissi vardımı?

– Əvvəla, onu deyim ki, “Buran” kosmik gəmisinin yığılmasını mənə heç kim
həvalə etməyib. Uşaqlıqdan yeniliklərə meyilli olmuşam. İndi hamı rəqəmsal
texnologiyalardan, innovasiyalardan danışır ki, bütün bunlara maraq məndə elə o
vaxtdan vardı. Əgər şərait varsa, qalan şeylər insanın özündən asılıdır.
Moskvada kosmik sahə üzrə oxumağa, çalışmağa özüm qərar vermişəm və bu məqsədə
çatmaq üçün əlimdən gələni etmişəm. Çalışdığım müəssisədə xeyli sayda başqa
millətlərdən insanlar vardı. Elə bir çətin şəraitdə əvvəlcə usta, baş usta,
konstruktor, texnoloq, sex rəisi, daha sonra istehsalat rəisi olmuşam. Yəni tək
marağın olması da kifayət etmir. Gərək paralel şəkildə inadkarlıq, əzmkarlıq və
istək də güclü olsun. Hamısından önə isə çalışqanlığı qoyardım. Bütün bunların
nəticəsi olaraq da “Buran” kosmik gəmisinin yığılmasında iştirak etdim.

– “Buran” kosmik gəmisinin hazırlanması prosesi haqqında unutmadığınız və heç
vaxt unutmayacağınız maraqlı xatirə varmı?

– Bununla bağlı bir neçə xatirəm var ki, heç zaman unutmuram. Bunlardan biri
kosmik gəmi yığılarkən mənim təcili Azərbaycana göndərilməyimlə bağlıdır.
“Buran”ın hazırlanması ilə bağlı planlar vaxt baxımından yerinə yetirilmirdi.
Bir sıra detalların çatışmazlığı vardı. Sonradan öyrənildi ki, Mingəçevirdə
yerləşən Elmi İstehsalat Birliyində (EİB) bu detallar var. Həmin detalların
Mingəçevirdən götürülüb gətirilməsi mənə həvalə olundu. Gecə ilə məni iki rus
konstruktorla birlikdə ezamiyyətə göndərdilər. Doğma Vətənə gəldiyim üçün çox
sevinirdim. Əvvəlcə ayrılan xüsusi təyyarə ilə Gəncəyə gəldim. O vaxta qədər
heç zaman Gəncədə olmamışdım. Bizi oradan Mingəçevirə apardılar. Həmin EİB-də
detalları hazırlayıb bizə verdilər. Geri qayıdan zaman Bakıdan uçmalı idik.
Bakıya gedərkən yolboyu mənimlə birlikdə olan konstruktorları ölkəmizlə tanış
etdim. Deyərdim ki, bir növ təbliğat apardım.

Yadımda qalan başqa bir məqam isə Kərim Kərimovla olan görüşümdür. Pilotlu
gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri kimi müdafiə naziri
ilə birlikdə “Buran”a baxış keçirmək üçün gəlmişdilər. Elə o vaxtdan bizim
onunla görüşlərimiz başladı. Amma ilk görüş mənim üçün xüsusilə yaddaqalan oldu.

– Bəs “Buran” kosmik gəmisinin enişi zamanı yaranan problem xatirinizdə necə
qalıb? Həmin an hansı hissləri keçirirdiniz?

– Həqiqətən, bizim üçün çətin anlar oldu. Çünki dünyada ilk dəfə belə bir
nəhəng kosmik gəmi pilotsuz uçaraq geri qayıtmalı idi. Eniş zamanı təyyarə 180
dərəcə manevr edərək istiqamətini dəyişdi və “Buran” ilə əlaqə kəsildi. Hətta
idarəetmə məntəqəsində nəzarətsiz təyyarənin partladılması məsələsi də müzakirə
olundu. Düşünürdük ki, çox cüzi şans qalıb. Amma o cüzi şansı tale bizə qismət
etdi. Məlum oldu ki, hava şəraiti ilə əlaqədar kosmik gəmini idarə edən
kompüterlər daha əlverişli eniş üçün istiqaməti dəyişib. Eniş zamanı da narahat
idik. Pilotsuz hərəkət etdiyi üçün dəqiq eniş edə biləcəyinə əmin deyildik.
Çünki güclü külək buna imkan verməyə bilərdi. Sonda qırıcı təyyarələrin
müşayiəti ilə “Buran” əvvəlcədən müəyyən edilmiş nöqtədən cəmi 15 metr kənarda
eniş etdi. Bu sınaqdan uğurla çıxdığımız üçün çox sevinirdik.

– “Buran”ın hazırlanmasındakı əvəzsiz xidmətinizə görə sizə Moskvada büst
qoyulub. Necə hissdir? Ümumiyyətlə, sizə büst qoyulması barədə təklif gəlsəydi,
bunun hansı fəaliyyətinizə görə olmasını istərdiniz? Yəni “Buran”dan daha üstün
hesab etdiyiniz fəaliyyətiniz varmı?

– Bir çox sahələr kimi, bizim sahə də açıqlanan zaman İctimai Elmlər
Akademiyasına üzv seçildim. Onların dövlət səviyyəsində hazırlanmış proqramı
var idi və proqrama əsasən, bəzi sahələrdən mütəxəssislərə büstlər qoyulurdu.
Mənə bu barədə məlumat veriləndə əvvəlcə tərəddüd etdim. Sonra isə razılaşdım.

“Buran”, mənə görə, kiçik bir layihədir, həyatın kiçik bir hissəsidir. Mənim
üçün ailə, Vətən və torpaq məfhumları daha müqəddəsdir. İstərdim, ömrümün
sonuna qədər əmək fəaliyyətim aktiv olsun və daim qeyd etdiyim müqəddəs
sahələrə həsr edim. Necə ki, indiyə kimi həsr edirəm.

– Azərbaycan kosmik sahədə müəyyən işlər görür. Orbitə peykimiz buraxılır, 44
günlük Vətən müharibəsində də kosmik fəaliyyətin yaratdığı imkanlardan istifadə
etdik. Beynəlxalq Astronavtika Konqresi ikinci dəfə ölkəmizdə keçirildi.
Azərbaycanın bu sahədəki fəaliyyəti ilə bağlı fikirləriniz necədir?

– Qeyd edim ki, “Azərkosmos” ASC-nin fəaliyyəti başqa ölkələrdə aidiyyəti
qurumların gördüyü işlərdən daha öndədir. Azərbaycan, həqiqətən, kosmik sahədə
çox irəliləyib. Bizim öz peykimiz var. Beynəlxalq Astronavtika Konqresinə dəvət
edildiyim üçün “Azərkosmos”un rəhbərliyinə təşəkkürümü bildirirəm. Tədbirin
təşkilatçılığı yüksək səviyyədə idi. Azərbaycan Prezidenti İlham Əliyevin
möhtəşəm, konseptual çıxışını böyük maraqla dinlədim. Dövlətimizin başçısı
çıxışında bütün sahələri bildiyini göstərdi, ölkəmizin imkanlarını, əldə olunan
nailiyyətləri, demək olar ki, çox yüksək səviyyədə qonaqların diqqətinə
çatdırdı. Hazırda dünyada aerokosmik sahədə ən qabaqcıl layihələr həyata
keçirilir. Rəqəmsal texnologiyaların, süni intellektin bu sahələrdə tətbiqi
üçün maliyyə dəstəyi, beyin mərkəzlərinin yaradılması, enerji sahələri barədə
Prezidentin ingilis dilində çıxışı sürəkli alqışlarla qarşılandı. Konqresə
gələn minlərlə insan Azərbaycanın qüdrətini, iradəsini, milli ruhumuzu hiss
etdilər.

Qaldı ki, Azərbaycanın kosmik sahədə fəaliyyətinə dair fikirlərimə, məncə, hər
hansı sahə ilə bağlı fikir bildirərkən gərək çalışdığın istiqamət olsun. Ümumi
fikir və təklifləri hər kəs verə bilər. Mən isə konkretliyin tərəfdarıyam.
Düşünürəm, fikir və təklifi fəaliyyət göstərdiyin sahədə ehtiyac yarandığı
təqdirdə vermək olar. Mən alimlikdən əvvəl istehsalçıyam. Onlarla kosmik
aparatın təcrübə modelini müəssisələrdə öz əllərimlə yığmışam, istehsal
etmişəm. Vaxtımın böyük hissəsi makina arxasında keçib. Bu səbəbdən onu deyə
bilərəm ki, Azərbaycanda istehsala üstünlük versək, peykimizin hissələrini
özümüz hazırlasaq, daha yaxşı olar.

– Peşənizə uyğun olaraq qırıcı təyyarələrin layihələndirilməsinin və
istehsalının sirlərinə hakimsiniz. 44 günlük Vətən müharibəsində İsrailin
“Harop”undan və Türkiyənin “Bayraktar TB2”dən istifadə etdik. Azərbaycanda da
bu sahənin inkişafı üçün nələr etmək lazımdır? Ölkəmizdə belə qırıcıların
hazırlanması nə zamansa mümkün olacaq?

– İlk olaraq qeyd edim ki, müharibəni Azərbaycan xalqı, onun iradəsi, əsgəri
və Ali Baş Komandanı qazandılar. Pilotsuz təyyarənin hansı ölkəyə aid olmasının
fərqi yoxdur. Nəticə göz qarşısındadır. Əgər qarşına hər hansı bir məqsəd
qoyursansa, gərək dünyada olan ən qabaqcıl texnologiyaları cəlb edəsən və
qələbə qazanmaq istəyirsənsə, gərək qəlbində milli ruhun olsun. Bunu Prezident
İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresindəki çıxışında hər kəs hiss
etdi. O ki qaldı İsrailin və Türkiyənin hərbi təyyarələrinə, əlbəttə, çox
möhtəşəmdir. Mən Türkiyə hərbi sənayesinin qüdrətini bilirəm, bu sahə üzrə
görülən işlərdən, dünyada artan nüfuzundan xəbərim var. Bu sahələrə dövlət
proqramından, ayrılan maliyyədən daha önəmlisi gənclərin milli ruhunun
olmasıdır. Əminəm ki, əldə olunan qələbələr gəncləri daha da ruhlandıracaq,
başqa sahələrdə olduğu kimi, bu sahədə də nailiyyətlər qazanacağıq.

Kosmik sənayedə yerli istehsalla bağlı deyə bilərəm ki, burada mərhələli
şəkildə çalışmaq lazımdır. Əvvəlcə dünyada yaradılmış nümunələrə baxılmalıdır.
Sonra peyki alıb həmin peykə öz hissələrimizi quraşdırmalıyıq. Daha sonra isə
tam istehsala keçmək olar. Əsas bu istiqamətdə qarşıya məqsədin qoyulması və
buna çatmağa şərait yaradacaq maliyyə imkanlarının olmasıdır.

Tutaq ki, bizə təyin etdiyimiz funksiyalara sahib təyyarələr lazımdır. Məqsədi
tam müəyyənləşdirdikdən sonra onun həyata keçirilməsi üçün vaxt təyin
edilməlidir. Deyək ki, bu vaxt 8-10 aydır. Artıq həmin müddət ərzində
təyyarənin hissələri üzərində çalışılmalı, həmin hissələr hazır formaya
gətirilməli, sonra isə təyyarə yığılmalıdır, yəni məhsul
özümüzünküləşdirilməlidir. Məndə olan məlumatlara görə, bu sahədə ölkəmizdə
işlər görülür, dünyanın aparıcı qurumları ilə böyük razılaşmalar mövcuddur. Həm
peyklərimizdən, həm də istehsal etdiyimiz hissələrdən kommersiya üçün istifadə
olunur. Təbii ki, bu iş daha da inkişaf etdiriləcək.

– Nə zamansa Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi düşünmüsünüz?

– SSRİ dövründə hər kəs təyin olunduğu yerdə çalışırdı. Kimi hara
göndərirdilərsə, oraya gedirdi. Mənim təyinatım Azərbaycana idi. Burada raket
hissələrinin yığıldığı zavod vardı. Məni oraya təyin etdilər. Amma mən
universitetdə hava kosmik gəmiləri sistemini seçdiyim, diplom və kurs işlərimi
buna həsr etdiyim üçün həmin istiqamətdə işləmək istəyirdim. Aviakonstruktor
ixtisasına yiyələnmişdim. Bu səbəbdən etiraz edəndə təklif olundu ki,
konstruktor bürosu yaradım və orada çalışım. Bunun üçün şərait yaratmağı da
öhdələrinə götürdülər. Düşündüm ki, həm cavanam, həm də mənim üçün çətin
olacaq. Ona görə də bu məsuliyyəti üzərimə götürmədim.

Çalışdım ki, Moskvaya qayıdıb öz sahəm üzrə işləyim. Ancaq qayıtmağım
mümkünsüz idi. Azərbaycan Nazirlər Komitəsinə təhsilini yenicə bitirmiş bir
tələbə kimi dəfələrlə ərizə yazdım. Ərizədə Moskvaya çağırılmağımı, orada öz
sahəm üzrə təzə işlər olduğunu, bu istiqamətdə çalışmaq istədiyimi bildirdim.
Lakin yenə də mənə icazə verilmədi. Sadəcə, güzəşt edərək Nazirlər Sovetinin
sədrinin birinci müavininin qəbuluna yazdılar. Onun qəbuluna gedən zaman orada
komissiyaya niyyətimi çatdırdım. Məni eşitdilər və Moskvaya qayıtmağıma icazə
verdilər. Bu, inadkarlığımın nəticəsi idi.

Həmin zamanlar Azərbaycan SSRİ-nin tərkib hissəsi idi və burada ixtisasıma
uyğun iş tapmaq, həqiqətən, çətin olardı. Müstəqillikdən sonra isə Azərbaycana
qayıtmaq gec idi. Azərbaycanda bu sahə üzrə son 10 ildə nailiyyət qazanılmağa
başlayıb, o zamanlar isə hələ inkişaf etməmişdi və mənə tələb də yox idi.

Ancaq mütləq qeyd etməliyəm ki, indi istənilən təklifə ürəkdən razı olaram.
Mənim həyatım Vətənimlə bağlıdır. Ailə və Vətən mənim üçün çox önəmlidir.

– Hazırda Rusiyada kosmik sahə ilə bağlı təkliflər alırsınızmı, təcrübənizdən
istifadə olunurmu?

– Təkliflər var, ancaq əksəriyyəti elmi fəaliyyətimlə bağlıdır. Məsələn,
Moskvanın Radioelektronika İnstitutunda alimlər böyük enerji proqramı üzərində
çalışırlar. Həmin proqramın əsasını Günəş enerjisinin kosmosda cəmləşdirilib
kənd təsərrüfatı sahələrinə paylanması təşkil edir. Həmin proqram üzərində
çalışırdım. Enerji təhlükəsizliyi önəmli məsələdir, ən sərfəli istiqamət Günəş
enerjisinin istifadəsidir. Çünki bu, maliyyə cəhətdən çox səmərəlidir. Hazırda
ABŞ və Yaponiyada Günəş enerjisinin istifadəsi üçün proqramların yaradılmasına
başlanılıb. Eləcə də Rusiyada. Mən də təklif əsasında proqrama qoşulmuşam.
Təkliflər gəldiyi zaman ilk olaraq bu sahədə hansı irəliləyişə təkan verə
biləcəyimi düşünürəm. Önəmli olan da budur.

Artıq layihələrin tezləşdirilməsi, yəni zaman məfhumu çox önəmlidir. Elə
proqramlardan istifadə olunur ki, vaxta qənaət edilsin. Bununla bağlı da mənə
müraciətlər olur. Çünki istehsal təcrübəsinə malikəm, layihənin icrasını tez
şəkildə həyata keçirə bilərəm. Əsas fəaliyyətim də elə bu olub.

Onu da deyim ki, bizim konversiyadan sonra Moskvanın şimal-qərbində yerləşən
Tuşino Maşınqayırma Zavodu böhran yaşadı və maliyyəsi olmadı. Biz isə həmin
zavodda kiçik özünümaliyyələşdirən “Texno‑Svar TMZ” ASC adlı müəssisə yaratdıq.
Burada qaynaq, enerji, kiçik aviasiya üzrə əldə olunan nailiyyətlərə
əsaslanaraq kommersiya əsaslarında kənd təsərrüfatı layihələri həyata
keçiririk. Bununla biz eyni zamanda bir sahənin ömrünü də uzatdıq. Hamı əsas
diqqəti pul qazanmağa yönəldən vaxt biz dağılmaq üzrə olan sahənin ömrünü
uzatdıq, oradakı fəhlələrin işini itirməsinə imkan vermədik.

Ancaq indi diqqət yenidən hərbi sənayenin inkişafına yönəlir. SSRİ dövründə bu
istiqamətdə çox möhtəşəm proqram vardı və yüksək səviyyədə idarə olunurdu. İndi
isə hərbi sənaye böyük önəmə malikdir. Həyat tələb edir ki, əsas maliyyə bu
günün tələbi olan layihələrə xərclənsin. Hərbidə pilotsuz uçuş aparatlar xüsusi
yer tutur. Bu dəqiqə onların alınması, hissə-hissə yığılması və tələbin tez
ödənilməsi üzrə işlər görülməlidir.

– Siz özünüz baş direktorsunuz. Azərbaycanda kosmik sahəyə marağı olan
gəncləri təcrübə qazanmaq və ya çalışmaq üçün həmin müəssisəyə cəlb
edirsinizmi? Ümumiyyətlə, gənclər yardım üçün sizə müraciət ünvanlayıblar?

– Düzü, məsləhət görərdim ki, gənclər məhz öz Vətənimizdə bu işlərlə məşğul
olsunlar. Rusiyaya isə təcrübə üçün getmək olar. Ancaq sonra təcrübəni
ölkəmizdə tətbiq etsinlər. Azərbaycandan getmək istəyini doğru hesab etmirəm.
Artıq hər şey dəyişib. Yenilik etmək üçün hazırda ən gözəl yer Vətəndir. Həm də
indiki şəraitdə əsas rolu məlumatlar tutur. Məlumatların da çoxuna onlayn
formada yiyələnmək olar. Məsələn, elmi mərkəzlərlə onlayn əlaqə qurmaq
mümkündür. Bu dəqiqə dünyada distant təhsillə yanaşı, distant iş də mövcuddur.
Bundan da faydalanmaq olar. Ümumilikdə isə bizə müraciət edən gənclərimiz olub
və heç vaxt öz köməyimi əsirgəməmişəm.

– Təxminən 10 il sonra Azərbaycanda kosmik sahədə hansı yenilikləri görmək
istəyərdiniz?

– İstəyərdim ki, ən müasir layihələr üzrə Azərbaycanın öz istehsalı olsun.
Texniki qurğuları özümüz hazırlayaq. Əminəm ki, ciddi irəliləyişlər də olacaq
və uğur qazanacağıq.

Source link