756e5840-1d0a-45d5-852f-7edabf0ef3fc..jpg

Dünyanı dövrə vuran UNO-ları “dənləyirlər”: Çin nə edir? – TƏHLİL + FOTO

Baxış sayı: 810 dəfə baxılıb.

Dünyanı dövrə vuran UNO-ları “dənləyirlər”: Çin nə edir? – TƏHLİL + FOTO

Dünyanın diqqəti ABŞ Hərbi Hava Qüvvələrinin vurduğu naməlum uçan obyektlərə
(UNO, ingiliscə UFO) yönəlib.

Öncəliklə qeyd edək ki, UNO ifadəsi insanların düşüncəsində yadplanetlilərin
idarə etdikləri obyekt kimi assosiasiya olunur, ancaq bu versiya
konspiralogiyadan başqa bir şey deyil.

Hadisəyə münasibətdə naməlum sözü ona görə işlədilir ki, səmada süzən obyektin
təyinatı və növünü aşkarlamaq mümkün olmayıb, o, sadəcə, hava sərhədlərini
pozduğu üçün, mümkün təhlükələri önləmək üçün vurulub.

Uçan obyektlərin imkanları və mənşəyi ilə bağlı ziddiyyətli fikirlər yarana
bilər, amma bunun “uçan boşqab”larla heç bir əlaqəsi yoxdur.

Paradoksallıq uçan obyektlərin hansı trayektoriya üzrə gəldiyi, onun dizaynı
və ya nəzərdə tutulan məqsədi haqqında hərtərəfli məlumatların olmamasından
irəli gəlir.

Müvafiq informasiyaların çoxalmaması üçün onların qısırlaşdırılmasından gələ
biləcəyimiz məntiqli qənaət belədir ki, ABŞ fevralın əvvəlində Çinə məxsus hava
şarını məhv edib, onu Atlantik okeanın sularına qərq etdikdən sonra növbəti
təhdidlə üzləşib.

Bu təhdidlərin ən təhlükəli tərəfi odur ki, uçan obyektlər hava hücumundan
müdafiə sistemlərinin radarına gec düşür, yəni onlar artıq sərhədləri keçib
bəlli məsafə qət etdikdən sonra aşkarlanır.

Nəticədə ABŞ bu dəfə də uçan vasitələri vurmağı bacarıb, onlardan biri
Alyaska, digərləri isə Kanada-ABŞ sərhədi yaxınlığında məhv edilib.

Uçan naməlum anomaliyalar təkcə ABŞ-nin hava sərhədlərində deyil, Kanada,
Kolumbiya və Kosta-Rika üzərində də müşahidə olunur.

Səma üzrə dövrəvurmalar ABŞ ilə Çin arasındakı hərbi-siyasi gərginliyin
qabarıqlaşması ilə əlaqəlidir.

Nəzərə almaq lazımdır ki, ABŞ-nin Tayvan mübahisəsində Çinə meydan oxuması,
Pekinin buna adekvat cavabları, hər iki ölkənin texnologiyalar bazarındakı
kəskin rəqabəti münasibətlərin ruhunu hərbiləşdirir.

Uçan obyektlər, həqiqətən, Çinə məxsusdursa, onda ortaya iki versiya çıxır:

1. Ya Çin bu platformaları idarə etməkdə səriştəsizdir,

2. Ya da Çin ABŞ-yə potensial olaraq təhdid ola biləcəyini qəsdən nümayiş
etdirir.

Maraqlı tərəfi burasıdır ki, Çin özü də sərhədlərini pozan naməlum uçan obyekt
gördüyünü və onu vuracağını bildirib.

Ola bilsin ki, Çin hadisələrdə ABŞ-ni ittiham etmək və diqqəti öz niyyətindən
yayındırmaq üçün bu informasiyanı dövriyyəyə buraxıb.

Pekin bundan əvvəl ABŞ-nin vurduğu hava şarının özünə məxsus olduğunu bəyan
etmişdi. Onun elmi tədqiqat məqsədləri üçün istifadə olunduğunu və səhvən
ABŞ-nin hava məkanına girdiyini söyləmişdi.

Ancaq ardınca yeni uçan obyektlərin peyda olması bu ehtimalı artırır ki, Çin
uçan obyektlərdən ibarət resurslardan istifadə edir.

Şarlardan ibarət “ekipaj” dünyanı dövrə vurur və strateji obyektlərin
fotolarının çəkilməsində böyük rol oynayır. Həm ucuz başa gəlir, həm də məhv
ediləndə insan itkisi yaşanmır – bu, unikal bir metoddur.

Yəqin ki, Çin kəşfiyyat həmlələrini genişləndirməklə ABŞ-nin Tayvanla bağlı
iddialarını zəiflətməyi hədəfləyir.

ABŞ narahatlıqlarının üzərini kodlarla örtmək üçün informasiya əməliyyatlarını
idarə edir, yönləndirir. Ancaq o, hələ Çinin hansı obyektləri çəkdiyini, hansı
məlumatlara yiyələndiyini və kəşfiyyat məlumatları əsasında gələcək üçün hansı
addımlar ata biləcəyini hesablamaqda çətinlik çəkir.

Çin ABŞ ilə danışıqlarda əldə etdiyi məxfi informasiyalardan ibarət qovluqları
masaya qoyacaq və bunların Vaşinqtonun sinirlərinə necə təsir edəcəyini ölçəcək.

Bununla belə, ABŞ-nin Tayvan və Cənubi Çin dənizi üzrə iddialarını kiçildəcəyi
inandırıcı səslənmir. Çünki Çinin ABŞ-yə qarşı hərbi təhdidlərinin ABŞ-nin
daxilində müharibə başlatmaq potensialı yoxdur.

Aqşin Kərimov

Source link