ABŞ energetika nazirliyi dünyanın ən güclü superkompüterini təqdim edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Hi-News” portalı məlumat yayıb.
Çinin “Sunway TaihuLight” adı superkompüterinin titulunu əlindən alan “Summit”in (“Zirvə” –tərc.) səmərəlilik göstəricisi 200 petaflopsa bərabərdir. Yəni sadə dillə desək, bir saniyədə 200 kvadriliyon əməliyyat yerinə yetirə bilir.
“Summit”in səmərəliliyi o qədər yüksəkdir ki, adi fərdi kompüterin 30 il ərzində yerinə yetirəcəyi tapşırıqları bir saatın içində başa çatdırır.
“Zirvə” 4608 server stansiyasından ibarətdir və təxminən iki tennis kortunun sahəsini tutur. Sistem doqquz min 22 nüvəli “IBM Power9” mikroprosessorları ilə çalışır; qrafik əməliyyatlara isə “NVIDIA Tesla V100” cavab verir.
“Summit”ə sərf olunan elektrik enerjisi 8100 evin işıqla təchiz olunmasına kifayət edər. Sistemin operativ fəaliyyətini təmin etmək üçün superkompüterin sərinlədilməsinə bir dəqiqəyə 18 tona yaxın su sərf olunur.
Yeni superkompüter vasitəsilə alimlər ulduzlarda baş verən partlayışlarla bağlı mürəkkəb hesablamaları, həmçinin kainatda olan müəmmalı obyektlərlə bağlı təhlillər aparmağı planlaşdırır. Bundan savayı onunla yeni materialların hazırlanması ilə əlaqədar simulyasiyalar aparılacaq.
Xatırladaq ki, bir neçə ay əvvəl superkompüterin yığılma görüntüsü internetə sızmışdı. Həmin videonu təqdim edirik.