ca70f47b-3fdc-4b80-be09-312b40184562..jpg

Dünyanın ən qədim neft hasil edilən ərazilərindən biri: Balaxanının nadir neft yatağından REPORTAJ + FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

Dünyanın ən qədim neft hasil edilən ərazilərindən biri: Balaxanının nadir neft
yatağından REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvəzsiz sərvət sayılan neftin yüz illərlə inkişafına və ondan istifadə
tarixinə nəzər salsaq, Bakı neftinin dünyada özünəməxsus yer tutduğunu görərik.
Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş edib, neftin
kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim
nümunə olub, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya
praktikasında geniş tətbiq edilib.

Bakının Balaxanı, Sabunçu və Ramana əraziləri tarixə ən qədim neft mərkəzləri
kimi düşüb. Dünyada ilk neft quyuları burada qazılıb, neft hasilatına buradan
başlanıb.

Cixisyolu.com-ın əməkdaşları bu dəfə Azərbaycanın ən qədim yataqlarından biri
Balaxanı neft sahəsinə səfər ediblər.

Burada diqqətimizi neft buruqları yox, dartay (tartal) üsulu ilə hasil olunan
neft quyuları çəkdi.

Öyrənirik ki, SSRİ-də ilk dəfə olaraq 1975-ci ildə Balaxanıda istifadəsiz
qalmış neft mədənləri sahəsində neft şaxtasının tikintisinə başlanıb. Bu,
qeyri-adi üsul “1976-1980-ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının əsas
istiqamətləri” Proqramına daxil edilib. Şaxta üsulu ilə neft hasilatı texniki
və texnoloji baxımdan ənənəvi üsullardan fərqli idi və azməhsuldarlı, enejisini
itirmiş dayaz kollektorların işlənməsində layların neftvermə imkanlarını artıra
bilər. Lakin çoxsaylı texniki problemlərin həll olunmaması ucbatından onun
tikintisi sona çatdırılmadan 1986-cı ildə dayandırıldı.

Bu gün yataq işlənmənin dördüncü yəni, sonuncu mərhələdədir. Bu mərhələdə
artıq yataqların təbii enerjisi tükənir. Əksər yataqlarda bu mərhələdə
qravitasiya rejimi hökm sürür.

Bəs qravitasiya rejimi nədir?

Bu rejimli yataqlarda neft özünün ağırlıq qüvvəsi sayəsində quyudibinə hərəkət
edir. Belə rejimlər sərbəst formada (az dərinliklərdə yatan laylarda) və süni
(texnoloji) dəyişmələr nəticəsində – işlənilmə prosesində neftdə həll olmuş qaz
rejiminin tükənən anlarında yaranır. Bu rejimdə neft layın yuxarı hissələrindən
aşağılara doğru axır. Odur ki, aşağı hipsometrik dərinliklərdə yerləşən
quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ hissələrində) quyuların
hasilatından çox olur. Qeyd etmək lazımdır ki, qravitasiya rejimi ilə
səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur. Belə rejimli
yataqlarda son neftvermə əmsalı 0,10-0,20 təşkil edir. Bu rejim Balaxanı
yatağında özünü daha qabarıq göstərir. Yüz illərdir istismar olunan quyuların
hasilatı azalıb. Bundan sonra ağırlaşmış neftin quyu dibinə axını azaldığından
və laylar təbii sementləşməyə məruz qalmadığı üçün maye ilə birlikdə quyu
dibinə çoxlu miqdarda qum axını baş verir. Bu quyuların dalma nasosları ilə
istismarı mümkünsüz olur. Çünki belə quyularda nasosla neft çıxarılarsa, neftlə
birlikdə quyunun dibindəki digər qarışıqlar da sovrular. Bu isə nasosun
işləməsinə mənfi təsir edər. Bu səbəbdən dartay (tartal) üsulu daha səmərəli
hesab olunur.

Bu quyuların tarixi işlənməyə daxil olunmadan (1870-ci illər) daha əvvəllərə
gedib çıxır. Bu quyuların diametri müasir üsulla qazılan quyuların diametrindən
böyükdür, quyuların dərinliyi az olduğuna görə quyunun dibinə qədər xüsusi
kolonlar buraxılır və bu kolonlar quyunun aşınmamasına, ovulmamasına xidmət
edir, quyuları dağılmağa qoymur. Yaxın keçmişə qədər yerli əhali bu quyulardan
primitiv üsulla neft çıxararaq istifadə ediblər.

Sual verilə bilər ki, nə üçün keçmişin üsulu hələ də sənayeyə tətbiq edilir?

Çünki, bu üsul keçmişin müasir dövrümüzə tətbiq etməklə qalıq çıxarılabilən
neftin maksimum hasil olunmasına imkan verir. Yuxarıda deyildiyi kimi dalma
nasos üsulundan istifadə mümkünsüzdür.

Bu üsulu az dərinliyə malik nisbətən kiçik diametrli istismar kəməri olan quru
yataqlarındakı digər quyulara da şamil etmək olar.

Yataq 2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkətinin
Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.

Qeyd edək ki, 2010-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun
“UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Azərbaycan Respublikasının
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu Blokun
Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş bağlanıb.
Balaxanı-Sabunçu-Ramana yataqlar bloku bir-birinə sıx yerləşdiyinə görə, hər
zaman bir yataq kimi qeydə alınıb.

“Balakhani Operating Company LTD” şirkətinin 5 saylı Neft və Qaz Çıxarma
İdarəsinin (NQÇİ) rəisiElnur Haşımov Cixisyolu.com-a bildirib ki, hazırda yataqda
dartay üsulu ilə istismar olunan quyuların sayı 22-dir:

“Onların dərinliyi 80-250 metr arasında layın yatım elementindən asılı olaraq
dəyişir. Bu üsul çox səmərəlidir. Baxmayaraq ki, primitiv üsul sayılır – ancaq
təxminən 200-250 litrlik klapanlı badyanlar (xüsusi uzunsov qab) quyuya
endirilir. Badye quyu dibində olan zaman klapan açılır və maye badyenin içinə
daxil olur. Badye quyudan qaldırılan zaman klapan bağlanır və maye (neft) badye
ilə yer səthinə qaldırılır. Hər bir quyunun hasilatı onda formalaşmış mayenin
səviyyəsindən və səviyyənin formalaşma müddətindən asılıdır”.

Qeyd edək ki, Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı Abşeron yarımadasının ən
iri, nadir neft yatağıdır. Yatağın Balaxanı sahəsində, hələ çox qədim
zamanlarda əllə qazılmış 3-5 metr dərinliyi olan quyulardan neft çıxarılıb.
“Balaxanı-Sabunçu” yatağının quruluşunda məhsuldar qat çöküntüləri iştirak
edir. İstismar dövründə ümumi qazılmış quyuların sayı 9715-dir.

Daha çox şəkil burada: Photostock.az

İlhamə Əbülfət

Source link