d8237346-8c75-48d9-8128-c93110d92724..jpg

Dünyanın Qarabağdan götürməli olduğu dərs – Ariel Koenin ŞƏRHİ

Baxış sayı: 632 dəfə baxılıb.

Dünyanın Qarabağdan götürməli olduğu dərs – Ariel Koenin ŞƏRHİ

“Azərbaycan Ermənistanla 30 ildən artıq davam müharibənin son raundunu da
qələbə ilə başa vurdu və nəticədə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma
qurum özünü buraxdığını elan etdi”.

Bu sözlər “Atlantic Council” Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi,
Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və
təhlükəsizlik üzrə direktoru Ariel Koenin ABŞ-nin “The Hill” nəşrində çap
edilən məqaləsində qeyd olunub.

Ariel Koen yazısında XX əsrin sonlarında başlayan münaqişənin tarixinə qısa
nəzər salır və Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal
edildiyini xatırladır.

“Lakin hadisələrin hazırkı yekunu və Azərbaycanın qazandığı nəticələr Qafqaz
regionundan çox-çox kənara çıxır və Vaşinqtonda, həmçinin dünyanın digər
paytaxtlarında öyrənilməlidir”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, neftlə zəngin Azərbaycan Cənubi
Qafqazın şəksiz regional hegemonudur, eyni zamanda, Türkiyə dövlətinin yaxın
dostu və müttəfiqidir:

“10 milyon əhalisi olan (qonşu Gürcüstan və Ermənistan əhalisinin toplamından
çox) dünyəvi, türk və müsəlman Azərbaycan indi neft və qaz gəlirləri hesabına
maliyyələşmiş, Türkiyə və İsrail tərəfindən yaxşı təlim keçmiş, təchiz edilmiş,
döyüş şəraitində təcrübə qazanmış möhkəm orduya malikdir”.

Ekspert yazısının davamında qeyd edir ki, Bakı İrəvanı Qarabağ iddialarından
əl çəkməyə məcbur etdi və növbəti strateji məqsədə – Zəngəzur dəhlizinin
açılması istiqamətində fəaliyyətə başlayıb:

“Bu, Türkiyəni Azərbaycanla və Xəzərin o tayında olan Orta Asiyanın türk
dövlətləri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla daha sıx
birləşdirəcək”.

Ariel Koen ABŞ, Fransa və Rusiyada yaşayan erməni diasporun fəaliyyətinə də
toxunub.

“ABŞ, Fransa və Rusiyadakı erməni diasporları Ermənistana uzun illər dəstək
verməyə çalışsalar da, milyonlarla dollar xərcləsələr də, Ermənistanı Qarabağı
əldə saxlamaq üçün lazım olan silah, pul və siyasi müdafiə ilə təmin edə
bilmədilər. Böyük dövlətlər zəif diasporları məğlub edirlər. Bu dərs artıq
öyrənildi”, – Ariel Koen vurğulayıb.

Mütəxəssis hazırkı dünyada enerji resurslarının önəminə də diqqət çəkib. O,
yazısında qeyd edib ki, Avropa Rusiya karbohidrogenlərini qismən əvəz edən
Azərbaycan neftinin və qazının tədarükündə əhəmiyyətli dərəcədə maraqlıdır.

Ariel Koen xatırladır ki, Azərbaycan Xəzər dənizindən nəhəng enerji hasilatı
ilə məşğuldur, o cümlədən, Aralıq dənizinə qədər uzanan Bakı-Tbilisi-Ceyhan
boru kəməri və Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi Bakının real
siyasətdəki mühüm rolunu daha da artırır.

“Azərbaycanın həyata keçirdiyi son hərbi əməliyyatların nəticələri onu deməyə
əsas verir ki, Rusiya, Çin və ABŞ-nin beynəlxalq sistemi sarsıtdığı bir dünyada
Azərbaycan kimi sadiq oyunçular və Türkiyə kimi regional güclər daha üstün
vəziyyətə gəlir və strateji nailiyyətlər əldə edə bilərlər”, – Ariel Koen
yazısında qeyd edir.

Source link