Dünyanın yenidən bölüşdürülməsi: Azərbaycan üçün əsas milli maraqların
qorunmasıdır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Üçüncü dünya müharibəsi faktiki olaraq başlayıb. Düzdür, bu, rəsmi olaraq hələ
elan olunmayıb. Ancaq planetin fərqli regionlarında, eləcə də Azərbaycanın
şimal və cənub qonşularının iştirakı ilə baş verən hadisələr onu deməyə əsas
verir ki, hazırda dünyanın faktiki bölüşdürülməsi prosesi gedir. Ayrı-ayrı
siyasətçilər, o cümlədən prezidentlər, baş nazirlər də dəfələrlə bu barədə
fikirlər səsləndirib, xəbərdarlıq ediblər.
Məsələn, Prezident İlham Əliyev ötən ilin yanvarında yerli telekanallara
müsahibəsində deyib ki, indi faktiki olaraq üçüncü dünya müharibəsi gedir.
Dövlət başçısı bildirib ki, dünya qütbləşib və qarşıdurma dərinləşir.
Ölkə lideri növbəti dəfə prezident seçildikdən sonra bu ilin fevral ayında
andiçmə mərasimində də oxşar mesajlar verib: “Dünya faktiki olaraq üçüncü dünya
müharibəsinə çox yaxındır. Bəziləri hesab edirlər ki, artıq üçüncü dünya
müharibəsi başlayıb, müxtəlif fərziyyələr ola bilər”.
Üçüncü dünya müharibəsinə şərait yaradan bəzi səbəblər var. Birincisi,
beynəlxalq təhlükəsizlik sistemi çox zəifləyib. Beynəlxalq hüquq unudulub.
Dünyada nəzarət sistemi, demək olar, işləmir. Bu, dünyanın yenidən
bölüşdürülməsinə imkan yaradır. Hazırda kollektiv Qərb və Şərq yeni geosiyasi
xəritə formalaşdırırlar. Bunun üçün isə dünyanın müxtəlif bölgələrində məqsədli
şəkildə müharibə ocaqları yaradırlar.
Hələ iki il əvvəl, 2022-ci ildə Şərqi Avropada Rusiya ilə Ukrayna arasında
başlayan və indiyə qədər davam edən savaş üçüncü dünya müharibəsi ilə bağlı
fikirlərin əsası oldu. Çünki çoxlarına məlum olduğu kimi, bu, sadəcə, iki ölkə
arasında olan savaş deyil. Bu, Qərbin Şərqlə, xüsusilə Rusiya, Çin və İranla
mübarizəsinin tərkib hissəsidir. Təsadüfi deyil ki, bu gün Pekin və Tehran açıq
şəkildə Moskvanı dəstəkləyir, onun qalib gəlməsini istəyirlər. Çünki başa
düşürlər ki, Rusiyanın bu müharibədəki məğlubiyyəti həm də perspektivdə Çin və
İranın imkanlarının zəifləməsidir.
Son günlər Yaxın Şərqdə baş verənlər isə göstərir ki, üçüncü dünya
müharibəsinin, əslində, çoxdan başladığını iddia edənlər haqlıdırlar.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında sözügedən regionda İsrail və HƏMAS
arasında başlayan müharibə bu günə qədər davam edir. Rəsmi Tel-Əviv HƏMAS və
“Hizbullah”ı məhv edəcəyinə söz verib. Proseslər onu göstərir ki, döyüşlər
yaxın vaxtda başa çatmayacaq. Əksinə, daha da genişlənəcək. Belə ki, bu il
aprelin 14-də İran qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə İsrail
ərazisinə hücum etdi. Əslində, belə bir hücum gözlənilən idi. Çünki aprelin
1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirdi. Hadisə
nəticəsində 13 nəfər öldü. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər
daha da gərginləşdi.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri
bildirdi ki, İsrailin hücumu cavabsız qalmayacaq. Və deyilən kimi də oldu.
Hücumlar təxminən bir gün davam etdi. Bundan sonra rəsmi Tehran əməliyyatların
bitdiyini elan etdi.
Bir çox beyin mərkəzləri və siyasətçinin fikrincə, İranın hücumları uğursuz
oldu.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian daha əvvəl bildirdi ki,
İsrailin növbəti hücumlarına daha ağır cavab veriləcək.
Doğrudur, hazırda İran və İsrail arasında birbaşa toqquşma yoxdur. Amma
düşünmək olar ki, proses davam edəcək. Çünki bu, dünyanı bölüşdürmək iddiasında
olan güclərin də marağında olan məsələdir. Şərqi Avropa ssenarisinin gələcəkdə
Yaxın Şərqdə təkrarlanması, Qərbin öz proksiləri vasitəsilə bölgədə “daşı daş
üstündə qoymaq istəməmək” üçün hərəkətə keçməsi mümkündür.
Bu gün dünyanın ayrı-ayrı bölgələrində baş verən müharibələr, əslində,
bir-biri ilə sıx bağlıdır. Şərqi Avropadakı vəziyyət Yaxın Şərqə, oradakı durum
isə öz növbəsində Mərkəzi Asiyaya, Cənubi Qafqaza təsir edir. Çünki fərqli
regionlarda bir-biri ilə müttəfiq olan dövlətlər var. Bu isə geosiyasi mühitdə
bir növ domino effekti verir. Üstəlik, bütün toqquşmaların arxasında duranlar
eyni imperialist qüvvələrdir.
Davam etməkdə olan proseslərin Azərbaycandan yan keçməsi rəsmi Bakının uğurlu
siyasətinin nümunəsidir. Belə ki, Azərbaycan heç bir bloka qoşulmur, kimsənin
çətirinin altına girmir, öz müstəqil siyasətini həyata keçirir, azad iradəsini
ortaya qoyur. Bu, rəsmi Bakının balanslı siyasətinin təzahürüdür.
Yeri gəlmişkən, Azərbaycan Qarabağın işğaldan azad olunması üçün çox düzgün
vaxt seçmişdi: nə tələsmiş, nə də gecikmişdi. Hərəkətə keçmək üçün ən düzgün
vaxt, tarixi fürsət seçilmişdi. Bu gün isə Azərbaycan Cənubi Qafqazı
təhlükəsizlik adasına çevirmək niyyətindədir. Bölgədə əməkdaşlıq mühitinin
təmin edilməsi, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin
imzalanması indi heç vaxt olmadığı qədər real və yaxındır.
Buna baxmayaq, Şərqi Avropada, Yaxın Şərqdə özünün proksiləri vasitəsilə
ambisiyalarını həyata keçirmək istəyən imperialist güclər, xüsusilə Qərb indi
də Cənubi Qafqazı qan gölünə çevirmək niyyətindədir. Yaxın Şərqdə İsraildən,
Şərqi Avropada Ukraynadan istifadə edən ABŞ və Avropa İttifaqı bu gün eyni
ssenarini Cənubi Qafqazda təkrarlamaq üçün Ermənistandan istifadə edirlər. Zəif
iradəyə malik rəsmi İrəvan isə “kökə və qamçı” prinsipi ilə Qərbin çətiri
altına keçir, Rusiyadan uzaqlaşır. Son vaxtlar Azərbaycanla şərti sərhəddə baş
verən təxribatlar, o cümlədən Ermənistan hakimiyyətinin tədricən sülh
gündəliyindən uzaqlaşmaq cəhdləri onu deməyə əsas verir ki, qarşı tərəfin
hazırkı mövqeyi kifayət qədər destruktivdir. Bu isə Cənubi Qafqazda potensial
münaqişə deməkdir. İstisna deyil ki, Rusiya və Qərbin poliqonu bu dəfə
Ermənistan olacaq.
Belə bir şəraitdə Azərbaycan daxilində milli birlik, həmrəylik və dövlət
maraqları nəzərə alınmalı ən vacib amildir. Çünki Azərbaycanın İkinci Qarabağ
müharibəsində qalib gəlməsini təmin edən əsas faktorlardan biri də məhz milli
həmrəylik, xalq-iqtidar birliyi oldu. Əslində, bu, bütün cəmiyyətlər üçün
keçərlidir. İstənilən dövlətdə milli həmrəylik hər şeydən vacibdir. Məhz bu
amillər nəticəsində Azərbaycan gələcək təhdid və təhlükələrdən qoruna, siyasi
iradəsini daha da möhkəmlədə bilər.
“Report” İnformasiya Agentliyi